Elmi seminar: İqtisadiyyatın rəqəmsallaşmasının məşğuliyyətə təsiri

Elmi seminar: İqtisadiyyatın rəqəmsallaşmasının məşğuliyyətə təsiri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadiyyatın rəqəmsallaşmasının məşğuliyyətə təsiri” mövzusunda onlayn seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığına diqqət çəkərək rəqəmsallaşmanın iqtisadiyyatın bütün sahələrinə tətbiqinin müasir dövrün çağırışlarından olduğunu deyib.
UNEC Əmək Bazarının Monitorinqi Mərkəzinin rəhbəri dosent İsmayıl İsmayılov seminarda səsləndiriləcək fikirlərin rəqəmsal iqtisadiyyat şəraitində əmək bazarının araşdırılmasında faydalı olacağını bildirib.
Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın şöbə müdiri Mətləb Mahmudov cəmiyyətin rəqəmsallaşmaya transformasiyası fonunda insanları ən çox düşündürən məsələlərdən birinin məhz rəqəmsallaşmanın əmək bazarlarına təsiri və məşğulluq olduğunu deyib. Məruzəçi qeyd edib ki, yeni məhsulların, proseslərin və texnikaların ortaya çıxması böyük imkanlar yaratmaqla yanaşı, işəgötürənlər və işçilər üçün məşğulluq problemləri də yaradır. Bu problemlərin həlli üçün mövcud işçi qüvvəsi yenidən hazırlanmalı və ya onlar müasir biliklərə malik işçilər tərəfindən əvəz edilməlidir.
Seminarın məruzəçisi Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri Ülviyyə Rzayeva orta nəsil insanların adaptasiyası ilə bağlı dünya təcrübəsindən nümunələri iştirakçılarla bölüşüb.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər