UNEC-də seminar: Kompozit materiallar – müasir texnologiyalar, aktual problemlər

UNEC-də seminar: Kompozit materiallar – müasir texnologiyalar, aktual problemlər Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin və Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Kompozit materiallar – müasir texnologiyalar, aktual problemlər” mövzusunda onlayn seminar keçirilib.
Seminarda şöbə müdiri Rəna Hüseynova tədqiqat mərkəzlərinin fəaliyyəti barədə məlumat verib.
Seminarın moderatoru UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri professor Rövnəq Rzayev mərkəzin maddi-texniki bazası, görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Mərkəzin işçi qrupu tərəfindən aparılan tədqiqatların nəticəsi olaraq , 40-dan artıq məqalənin “Web of Science” və “Scopus” bazalarına daxil olan nüfuzlu jurnallarda dərc olunduğunu vurğulayıb.
Tədqiqatçı Tural Nağıyev “Lüminofor materialların yüksək dəqiqliklə struktur və optik xassələrinin tədqiqi” mövzusunda məruzə ilə çıxış edərək nadir torpaq elementləri ilə aktivləşdirilmiş qələvi torpaq əsaslı kristalların sintez texnologiyaları, quruluş analizləri və fotolüminessensiya xassələrinin tədqiqi metodları barədə məlumat verib. Qeyd olunub ki, UNEC, AMEA Fizika İnstitutu, İtaliya Milli Tədqiqatlar Şurasının “Nello Carrara” Tətbiqi Fizika İnstitutu və İtaliyanın Verona Universitetinin Biotexnologiyalar departamenti İspaniyada yerləşən ALBA Sinxrotronda tədqiqatların aparılması məqsədilə birgə layihə təqdim edib.
Sonra dosent Sakin Cabbarov “Yüksək təzyiqlərdə TlInSe2 birləşməsində quruluş faza keçidləri”, Tahir İbrahimov “Təkdivarlı karbon nanoborularının smektik A maye kristalın dielektrik relaksasiyasına və elektrik keçiriciliyinə təsiri”, Əli Xəlilov “Fenazin blokları əsasında foldamerlərin dizaynı” mövzularında çıxış ediblər.
Seminarda məruzələrlə bağlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər