Yeni başlayanlar üçün iqlim dəyişməsinin əsasları

Yeni başlayanlar üçün iqlim dəyişməsinin əsasları Misirin cənubunda yerləşən Asuan şəhərində noyabr ayında meydana gələn fırtına və sel fəlakəti doğma yuvalarında özlərini həyatın axarına buraxmış əqrəbləri didərgin saldı. İnsanların evlərinə icazəsiz və xəbərsiz “qonaq” gedən əqrəblər 503 dinc sakini sancaraq xəstəxanaların müvafiq şöbələrinə müraciətlərin qısa müddətdə kəskin artmasına səbəb oldu. ABŞ-ın Kaliforniya ştatında mütəmadi ağac əkilsə də, ölkədə yanğınlar meydana gəlir və yaşıllaşdırma istiqamətində irəliləmə əldə edilməsinin qarşısını alır. İqtisadi ədəbiyyatda, tədrici proseslə özünə yer tapan “iqlim miqrantları” mövzusu ilkin olaraq Afrikanın timsalında müzakirə edilir.
Bu sətirlər ADA Universiteti Beynəlxalq və ictimai münasibətlər fakültəsinin müəllimi Sərvər Qurbanovun “Yeni başlayanlar üçün iqlim dəyişməsinin əsasları (Misirli əqrəblərin sancma səfərbərliyi)” sərlövhəli birinci məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
İqlim dəyişdiyi üçün quraqlıqla, susuzluqla üz-üzə qalan və əsasən kənd təsərrüfatı ilə məşğul olan əhali ölkə daxilində başqa yerlərə köç edir. Danimarka səkkiz min kilometrlik sahil xətti ilə iqlim böhranı qarşısında ölkənin maliyyə sektorunun böhrana məruz qalacağından narahatdır. Xüsusilə sahilə yaxın yerlərdə yerləşən və girov olaraq kredit götürülməsinə şərait yaradan daşınmaz əmlak yararsız hala düşəndə, bu durum maliyyə sistemi üçün sarsıdıcı təsirlər yaradacaq. “Mən onsuz da sahilə yaxın yaşamıram, iqlim nə qədər dəyişir dəyişsin” deyənlər üçün əqrəbin sancdığı misirlinin çəkdiyi əzab-əziyyəti xatırladıram. Qlobal istiləşmənin kəskin hal alması ilə birlikdə Norveç qışda istilik üçün daha az vəsait xərcləməli olsa da, nigeriyalıların yay aylarında sərinləmək üçün sərf edəcəkləri vəsaitin həcmi iyirmi dəfə artacaq. Hələ indidən inkişaf etmiş ölkələrdəki həkimlər xəstələrinə “iqlim dəyişməsindən əziyyət çəkən” diaqnozu qoymağa başlayıblar. Əslində, iqlimin dəyişdiyini müşahidə etmək üçün Nil çayının kənarına, Şimal dənizinin sahilinə qədər getməyə ehtiyac yoxdur. Cizgi filmində gördükləri qış mənzərəsinin qarla örtülü gözəlliyini və sevimliliyini həsrətlə gözləyən övladlarımızın “İndi qışdırsa, bəs qar niyə yağmır?” kimi çətin sualları qarşısında, yəqin ki, çıxılmaz vəziyyətdə qaldığımız anlar çox olmuşdur. Noyabr ayında 21 dərəcə istilik görən şəhərimiz bizə qarın naməlum coğrafi məkanda ilişib qaldığından xəbər verdi. Hamılıqla təsirlərini hiss etdiyimiz iqlim dəyişməsinin daha çox müzakirə mövzusu olması önəmlidir. Bu məqalə bu istiqamətdəki maarifləndirmə cəhdinə təvazökar bir töhfə vermək üçün qələmə alınır.
Bu gün qeydə alınan anormal və qeyri-adi iqlim hadisələrinin əsas səbəbi atmosferdə istixana effekti yaradan qazların, planetimizin hərarətini artıraraq iqlim dəyişməsinə gətirib çıxarmasıdır. Əsasən 1990-cı ildən bu yana son 150 il ərzində dünyamızın hərarəti 1.1 – 1.3 Selsi dərəcə artmışdır. Bu istiliyə səbəb olan əsas amil istixana effekti yaradan qazların insanın Yer üzündə gördüyü işlər nəticəsində atmosferə buraxılmasıdır. İnkişaf etmiş ölkələrin on illər boyunca aludə olduqları iqtisadi artım hərisliyi, istehsalı və istehlakı ifrat həddə artırması atmosferdəki çirklənməni meydana gətirib. Okeanlar daha az isinsə də, quruda istiliyin bu orta həddən çox yüksək olduğunu xüsusi qeyd etmək lazımdır.
İstixana effekti yaradan qazların böyük hissəsini karbon dioksit (CO2) təşkil edir. Karbon dioksit atmosferdə üç yüz il qalır. Atmosferdəki ömrü təxminən 12 il olan digər istixana effekti yaradan qaz isə metandır (CH4). Metanın atmosferdəki ömrü az olsa da, istilik və enerji tutumu, xüsusilə 20 illik dövr ərzində CO2-dan 84 dəfə daha güclüdür. Kömür, neft və təbii qazın yanması nəticəsində atmosferə CO2 buraxılır. Azərbaycanda kömür istehsalının və istehlakının olmamasını xüsusi qeyd etmək lazımdır. Yandırıldıqda kömür ən çox, təbii qaz isə ən az karbon dioksit yayan karbohidrogen yanacaq növüdür. Odur ki, təbii qazı yaşıl karbohidrogen yanacaq kimi də tələffüz edirlər. Bununla yanaşı, karbohidrogen ehtiyatlarının mədəndən çıxarılması nəticəsində metan qazının meydana çıxdığını yaddan çıxarmaq olmaz. Metan emissiyasına nəzarət bu mənada getdikcə daha da güclənir. Keçən il Kanada şirkətinin metana nəzarət üzrə dizayn edilmiş süni peyki “Claire”, Türkmənistanın neft və təbii qaz istehsal edilən Korpezhe yatağında illik bir milyon minik maşının emissiyasına ekvivalent olan metan qazının atmosferə buraxıldığını müəyyənləşdirmişdi. Metan qazı ildə bir milyon vaxtsız ölümə səbəb olur. Keçən il Avropa İttifaqı Avropa Metan Strategiyasını (European Methane Strategy) elan etdi. Avropa İttifaqı üçün bu strategiya ciddi imtahandır. Çünki Avropada metan emissiyasının 53 faizi kənd təsərrüfatında, 26 faizi tullantılardan və 19 faizi enerji sektorunda meydana gəlir. Strategiya əsas səbəbkardan daha çox enerji sektorunun metan emissiyasını diqqət mərkəzinə gətirdiyi üçün tənqid edilir. Kənd təsərrüfatı Avropada müqəddəs sektor hesab edildiyi üçün Avropa İttifaqının bu sahənin metan emissiyasına güldən ağır söz deyəcəyini gözləmək sadəlövhlük olar. Ümumiyyətlə, müəyyən iqtisadi reallıqlar var ki, onlar istixana qazlarının atmosferə buraxılmasının kəskin şəkildə azaldılmasına maneə törədir. Məsələn, Çin elektrik enerjisinin 56 faizini kömürün yandırılması hesabına əldə edir. Qlobal miqyasda elektrik enerjisinin əldə edilməsində kömürün payı 39 faiz olsa da, bu ölkələr üzrə dəyişkənlik nümayiş etdirir. Məsələn, Cənubi Afrika Respublikasında elektrik enerjisinin 80 faizindən çoxu kömür stansiyalarında istehsal edilir. Bu ölkənin vətəndaşları dünyanın müqəddəratı üçün kömürdən əldə edilən elektrik enerjisindən imtina edib qaranlıqda oturmayacaqlar. Odur ki, yaşıl enerji mənbələrinə keçmək vaxt və maddi vəsait tələb edəcək. Son proqnozlar göstərir ki, 2028-ci ildə dünyanın ən böyük iqtisadiyyatı Çində olacaq. Belə tip adı qoyulmamış yarış daha çox iqtisadi artım tələb edir. Bu isə Çində enerji üçün kömürə verilən üstünlüyün bir müddət daha hökmran durumda olacağından xəbər verir. Daha çox kömürün yandırılması isə planetimizin istixana örtüsünün daha da güclənməsinə gətirib çıxaracaq. Biz Çindən uzaqda olsaq da, bu ölkənin iqtisadi artıma vermiş olduğu ciddi önəm dünya ölkələri üçün iqlim böhranının daha bariz təzahür etməsinə gətirib çıxaracaq. Gürcüstanın Baş naziri COP26 konfransındakı çıxışında, sadəcə, bir məlumata diqqəti cəlb etməyə çalışdı: Qafqaz regionu iqlim böhranı nəticəsində buzlaqlarının (glaciers) 40 faizini itirmişdir.
Atmosferdəki istixana qazlarının 75 faizi “Böyük İyirmilik” (G-20) ölkələrinin iqtisadi fəaliyyəti nəticəsində meydana gəlib. Qlobal istiləşmənin və iqlim böhranının yaranmasında böyük qəbahətləri olduğunu etiraf edən inkişaf etmiş ölkələr isə kasıb ölkələrə maddi kömək göstərəcəklərinə söz vermişdilər. İnkişaf etmiş ölkələr BMT-nin 21-ci İqlim Dəyişikliyi Konfransında, yəni 2016-cı ildə Parisdə 2020–2025-ci illər ərzində kasıb ölkələrə illik 100 milyard dollarlıq yardım sözü verdilər.
İqlim dəyişikliyi ədalətsiz bir fenomendir. İstixana qazlarının, sadəcə, 4 faizini atmosferə buraxan Afrika qitəsi iqlim dəyişməsi qarşısında ən çox təhlükə altında qalan coğrafi məkan kimi diqqəti xüsusi olaraq cəlb edir. Odur ki, Afrika ölkələri illik 1 trilyon dollardan çox vəsait tələb edirlər. Hindistan 2030-cu ilə qədər 2.5 trilyon dollara ehtiyacı olduğunu qeyd edir. Tələb olunan bu vəsait ölkələrin enerji tələbatının yaşıl və bərpa olunan mənbələrdən əldə edilməsi, eyni zamanda, iqlim dəyişmələrinin yaratdığı mənfi nəticələrlə mübarizə üçün nəzərdə tutulur.
COP27 gələn il Misirdə baş tutacaq. Misirin zəhərli əqrəbləri güclü fırtına ilə məcburi səyahət edib konfrans şəhərinə çatsa, iştirakçılar iqlim dəyişikliyinin bariz təsirini bir əqrəbin təbiətində olan sancma ilə təcrübə etmiş olacaqlar.

Tehsil-press.az


Oxşar xəbərlər