Tanınmış fizioloq alim Elmira Pənahovanın 80 illik yubileyi qeyd edilib

Tanınmış fizioloq alim Elmira Pənahovanın 80 illik yubileyi qeyd edilib AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda tanınmış fizioloq alim, biologiya elmləri doktoru Elmira Pənahovanın 80 illik yubileyi qeyd edilib.
Tədbirdə Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimova alimin elmi və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Elmira Pənahova Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk təhsilini Bakıda alıb, lakin valideynlərinin Moskva şəhərinə köçməsi ilə əlaqədar orada təhsilini davam etdirib və orta məktəbi əla qiymətlərlə bitirib. O, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinə daxil olub və oranı 1964-cü ildə müvəffəqiyyətlə bitirib. Sonra AMEA-nın Fiziologiya İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb və sonralar orada elmi işçi, böyük elmi işçi, qrup rəhbəri və laboratoriya müdiri vəzifələrində çalışıb.
Alim Moskva şəhərindəki Ali Sinir Fəaliyyəti və Neyrofiziologiya İnstitutuna təcrübəçi kimi ezam olunub. O, ikiillik elmi ezamiyyətdən qayıtdıqdan sonra AMEA-nın Fiziologiya İnstitutunda fiziologiya ixtisası üzrə aspiranturaya qəbul olunub və “Ada dovşanının orta beyinin retikulyar nahiyyəsində yekun ocağın yaranmasında neyron aktivliyinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi alıb. 2013-cü ildə isə “Görmə persepsiyasının sentrifuqal tənzimlənməsinin neyrofizioloji tədqiqi” mövzusunda doktorluq işini müdafiə edib və biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
E.Pənahova biologiya və tibb elmləri sahəsinin prioritet istiqamətlərinin əsas problemlərindən biri olan “Görmə persepsiyasının sentrifuqal tənzimlənməsinin neyrofiziologiyası” üzrə mövzuların nəzəri əsaslarını fundamental və praktiki təhlil etmiş araşdırıcı və aparıcı alimlərdən biridir. Onun bu sahədə almış olduğu elmi nəticələr Azərbaycan elminin daha da formalaşmasına xidmət edib, əldə olunan mühüm nəticələri isə respublika və beynəlxalq elmi konfrans, seminar və simpoziumlarda müzakirə edilərək alim və aparıcı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. E.Pənahova 180-ə yaxın elmi-tədqiqat işinin, o cümlədən 1 monoqrafiyanın müəllifidir.

Tehsil-press.az


Oxşar xəbərlər