AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi illik fəaliyyəti barədə hesabat verib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi illik fəaliyyəti barədə hesabat verib Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə baxılıb. Bölmənin elmi müəssisə və təşkilatlarından olan alimlər mühüm elmi nəticələrə dair məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıblar.
Sonra bölmənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində dövlət proqramları, AMEA prezidentinin sərəncamları, Rəyasət Heyətinin qərarları əsas götürülüb.
Bölmə institutları üzrə 18 problemi əhatə edən 91 mövzu üzrə 255 tədqiqat işi 461 mərhələdə aparılıb, həmçinin elmi müəssisələrin əməkdaşları tərəfindən bir sıra multidissiplinar elmi-tədqiqat proqramları icra olunub. Qeyd edilib ki, bölmədənkənar tibb müəssisələrində 31 problem, 140 mövzu, 311 işi əhatə edən tədqiqatlar aparılıb, aqrar elm və təhsil müəssisələrində isə 26 problem, 106 mövzu, 296 iş üzrə tədqiqat işləri davam etdirilib. Bölmənin institutlarında 5, tibb sahəsi üzrə 64, aqrar elm və təhsil müəssisələri üzrə 28 elmi nəticənin tətbiq olunduğu vurğulanıb.
Hesabat ilində 402-si xaricdə, onlardan 143-ü impakt faktorlu jurnallarda olmaqla 885 məqalə, 163-ü xaricdə olmaqla 430 tezis, 3-ü xaricdə olmaqla 17 kitab, 10-u xaricdə olmaqla 19 monoqrafiya, 15 dərslik və dərs vəsaiti çap edilib. İnstitutlar tərəfindən 1-i xaricdə olmaqla 10, tibb sahəsində 5-i xaricdə olmaqla 7, aqrar sahə elmi müəssisələrində 5-i xaricdə olmaqla 36 patent alınıb.
AMEA-nın Rəyasət Heyətinin, BTEB-in və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə görkəmli alim, tanınmış ictimai xadim, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Cəlal Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Bildirilib ki, Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi “Akademik Cəlal Əliyev adına mükafat” konfransın gedişində Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Culian İton Ray tərəfindən Yaponiyanın Okayama Universitetinin professoru Şen Jian Renə təqdim edilib.
Qeyd edilib ki, keçən il AMEA Rəyasət Heyətinin qərarı ilə Bölmənin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Cənubi Koreyanın Seul Universiteti ilə müştərək beynəlxalq laboratoriya və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda immunofiziologiya və eksperimental transplantologiya laboratoriyası yaradılıb.
Bölmə institutlarının əməkdaşlarının 2018-ci ildə müxtəlif respublika və xarici beynəlxalq qrant layihələrində iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və bəzi xarici fondlar tərəfindən maliyyələşdirilən 58 layihə əsasında 32 xarici alimlə birgə tədqiqatlar aparıIıb.
Diqqətə çatdırılıb ki, elm və təhsilin inteqrasiyası istiqamətində fəaliyyətləri güclənib, hesabat ilində bölmənin institutları ilə respublikanın tədris mərkəzləri arasında əməkdaşlıq davam etdirilib. Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universitetinin və başqa ali təhsil müəssisələrinin müvafiq kafedraları ilə əlaqələr genişlənib.
2018-ci ildə doktoranturaya 18, magistraturaya 15 nəfər qəbul olunub, 82 doktorant, 139 dissertant elmi tədqiqatlarını davam etdirib, 14 elmlər və 30 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib, 11 elmlər, 12 fəlsəfə doktorluğu dissertasiyası müdafiəyə hazırlanıb.
İclasda hesabatın təsdiqi və AMEA-nın illik hesabatına əlavə edilməsinə dair qərar qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər