Texniki Universitetdə “Open Science” üzrə Milli Təbliğat Mərkəzi istifadəyə verilib

Texniki Universitetdə “Open Science” üzrə Milli Təbliğat Mərkəzi istifadəyə verilib Azərbaycan Texniki Universitetində (AzTU) “Open Science” üzrə Milli Təbliğat Mərkəzi istifadəyə verilib. Daha sonra “Open Science” platformasının ilk seminarı keçirilib.
Seminarda rektor Vilayət Vəliyev Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı platformanın ali təhsil müəssisələri üçün önəmindən danışıb. Rektor AzTU-da istifadəyə verilən “Open Science” üzrə Milli Təbliğat Mərkəzinin işinə uğurlar arzulayıb.
Təhsil nazirinin müşaviri Elnur Nəsibov isə bildirib ki, gənc alimlərin beynəlxalq arenaya inteqrasiyası baxımından layihə böyük əhəmiyyət kəsb edir.
Layihənin təqdimatını edən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov qeyd edib ki, ölkənin 17 ali təhsil müəssisəsində belə seminarların təşkili nəzərdə tutulub. O bildirib ki, “Open Science” üzrə Milli Təbliğat Mərkəzinin istifadəyə verilməsi sözügedən layihənin gənc alimlər arasında geniş təbliğinə və koordinasiya işinin təşkilinə nail olmaq məqsədi daşıyır. Layihə çərçivəsində cəmiyyət tərəfindən regionlarda fəaliyyət göstərən tədqiqatçılar üçün də müvafiq seminarlar təşkil olunacaq. Layihənin yekununda hər universitetdən 25 nəfər seçilməklə Avropa Gənc Alimlər Şurasından dəvət olunacaq ekspertin iştirakı ilə müvafiq təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər