Muzeyşünaslıq elminə dəyərli töhfə

Muzeyşünaslıq elminə dəyərli töhfə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Muzeyşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elfira Məlikovanın “Azərbaycan muzeyşünaslığı” adlı ikicildlik monoqrafiyası nəşr edilib.
Elmi əsər ADMİU-da muzeyşünaslıq ixtisasının yaradılmasının 30 illiyinə həsr edilib.
Monoqrafiyada dünya elmləri ilə inteqrasiyada olan muzeyşünaslıq elmi haqqında geniş məlumat verilir, Azərbaycanda muzeylərin yaradılması və inkişafında böyük rolu olan ümummilli lider Heydər Əliyevin xidmətləri qeyd edilir. Həmçinin Azərbaycanda muzey işinin tarixi, muzeyşünaslıq elminin yaranma səbəbləri böyük informasiya daşıyıcıları olan arxiv sənədləri və fundamental əsərlərin dəyərli faktları əsasında təhlil edilir. Bu əsərlərin muzeyşünaslığın bir elm kimi formalaşmasında fundamental rol oynaması məsələsi önə çəkilir. Muzeyşünaslıq elminin bir fenomen kimi meydana çıxması səbəbləri, digər elmlərlə əlaqəli cəhətləri qarşılıqlı şəkildə müzakirə edilir.
Monoqrafiyada ilk dəfə Azərbaycanda muzeylərin institutlaşdırılması və elmi-tədqiqat müəssisəsinə çevrilməsinin tarixi səbəbləri müəyyənləşdirilib. Bundan başqa, muzey və təhsil müəssisələrində yazılaraq təqdim edilən elmi əsərlər, o cümlədən tədqiqat işləri müqayisəli təhlil edilir. Müxtəlif ölkələrdə və Azərbaycanda muzeyşünaslığın bir elm kimi formalaşmasında əməyi olan alimlərin əsərlərinə xüsusi yer verilir.
Tədqiqat əsərindən muzey işçiləri, muzey işi üzrə mütəxəssislər, sənətşünaslar, tarixçilər, eləcə də muzeyşünaslıq üzrə təhsil alan bakalavrlar, magistrantlar, doktorantlar istifadə edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər