Özbəkistanlı müəllimlər Mədəniyyət və İncəsənət Universitetində ixtisasartırma kursu keçirlər

Özbəkistanlı müəllimlər Mədəniyyət və İncəsənət Universitetində ixtisasartırma kursu keçirlər Dekabrın əvvəlindən Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun əməkdaşları tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Munisə Muxammedova və baş müəllim Şaxnoz Kasimova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Muzeyşünaslıq kafedrasında ixtisasartırma kursu keçirlər.
Kurs kafedra tərəfindən hazırlanmış xüsusi təqvim planı əsasında həyata keçirilir. Təqvim planına görə özbək həmkarlar kafedranın elmi fəaliyyəti ilə tanış olaraq təcrübə mübadiləsi aparır, məşğələlərdə iştirak edir, həmçinin Azərbaycan muzeyləri ilə tanış olurlar.
Özbək qonaqlar tarix və mədəniyyət abidələrinin ekspertizası fənninin seminar məşğələsində, “Muzey birliyinin peşəkar inkişaf və rifahı: profilli təşkilatların rolu” mövzusunda virtual dəyirmi masada dinləyici kimi iştirak edib, Müasir İncəsənət Muzeyində “Ünsiyyət bağları: görüşlər və diskussiyalar” layihəsi çərçivəsində təşkil edilmiş sərgiyə qatılıblar.
Qonaqlar, həmçinin “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğuna səfər ediblər. Səfər zamanı ixtisasartırma kursuna gəlmiş müəllimlər arxeoloji abidələrdən ibarət ekspozisiya və ağsulu şəhidlərə həsr edilmiş sərgi ilə tanış olublar.

Tehsil-press.az



Oxşar xəbərlər