Milli Azərbaycan Tarixi Muzeyi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verir

Milli Azərbaycan Tarixi Muzeyi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində maddi-mənəvi və tarixi irsimizin toplanması, elmi araşdırmaların aparılması istiqamətində önəmli tədbirlər reallaşdırılır. Muzeyin xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri, elmi işçi Emin Dadaşov bu barədə ətraflı məlumat verib: “Azərbaycanın ilk muzeylərindən olan Milli Azərbaycan Tarixi Muzeyi maddi-mənəvi və tarixi irsimizin toplanması, qorunması, öyrənilməsi, nümayişi və təbliği istiqamətində səmərəli tədbirlər həyata keçirir. Muzeyin xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi müasir dövrün tələblərini nəzərə alaraq ziyarətçilərin tariximizə marağının artırılmasına xüsusi əhəmiyyət verir. Ziyarətçilərin, xüsusilə məktəblilərin, tələbələrin, gənclərin tariximizlə bağlı daha geniş şəkildə maarifləndirilməsi üçün muzeydə tematik klublar fəaliyyət göstərir. Məşhur sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan klub 2013-cü ildə yaradılıb. Məşhur xeyriyyəçinin həyat və fəaliyyətini araşdırmaq, ona və ailəsinə məxsus sənəd və əşyaları toplamaq, onun xidmətlərini Azərbaycanda və xarici ölkələrdə təbliğ etmək bu klubun əsas məqsədidir. Qeyd edək ki, bu il görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 180 illiyi münasibətilə muzey ölkəmizdə və xaricdə geniş maarifləndirici tədbirlər keçirib”.
E.Dadaşovun məlumatına görə, “Muzeyşünaslıq” üzrə ixtisaslaşan tələbələrin muzey işi sahəsinə daha dərindən yiyələnmələri üçün xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşəbbüsü ilə ilk dəfə olaraq “Gənc muzeyşünaslar və muzeysevərlər klubu” yaradılıb. Klubun ilk üzvləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Turizm və Menecment Universitetinin “Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan tələbələri olub.
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına uyğun olaraq muzeydə və digər ayrı-ayrı müəssisələrdə tarixçi alimlərimiz müxtəlif mövzularda mühazirələr oxuyub, elmi seminarlar keçirilib.
Tariximizin öyrənilməsi, muzeyə və maarifləndirici tədbirlərə marağın artırılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən məktəblərarası intellektual yarışlarda Xətai rayonu 55 nömrəli tam orta məktəb, Səbail rayonu T.İsmayılov adına 6 nömrəli məktəb-lisey və 7 nömrəli tam orta məktəbin şagirdləri fəal iştirak ediblər. MATM tərəfindən Cümhuriyyət ilə bağlı muzeydə qorunan eksponatlara dair “Azərbaycan Cümhuriyyəti tarixinin yadigarları” kataloqu hazırlanıb.
Milli Azərbaycan Tarixi Muzeyi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verir. 2016-cı ilin Aprel döyüşlərinin ildönümü ilə əlaqədar olaraq silsilə hərbi vətənpərvərlik tədbirləri təşkil olunur. Bu tədbirlər əsasən Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Uşaq-Gənclər İnkişaf Mərkəzi, ümumtəhsil məktəbləri və digər qurumlarla əməkdaşlıq çərçivəsində reallaşdırılır. “Edutainment” – Əylənərək öyrənək” prinsipi əsasında, tədris proqramına uyğun olaraq təşkil edilən tarix dərsləri xüsusilə maraq doğurur.
Azərbaycan Prezidenti İlham Əliyevin “Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq muzeydə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb. MATM-ın zəngin fondlarında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 40-dan çox şəxsi əşyaları, yağlı boya ilə çəkdiyi rəsm əsərləri, ailə üzvlərinə yazdığı məktublar və digər materiallar mühafizə olunur.
Bütün bunlar Milli Azərbaycan Tarixi Muzeyinin milli yaddaşımızın, mədəni irsimizin qorunduğu bir məkan kimi əhəmiyyətini bir daha təsdiqləyir.

Tehsil-press.az



Oxşar xəbərlər