UNEC DAAD-nin regionda ən böyük layihəsinə start verib

UNEC DAAD-nin regionda ən böyük layihəsinə start verib Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsinin açılışı olub.
4 ili əhatə edəcək layihə UNEC-lə Almaniyanın Siegen Universitetinin tərəfdaşlığı və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Baş Ofisinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Layihəyə uyğun olaraq, Almaniya və Azərbaycanda yay və qış məktəblərinin təşkili, maliyyə, biznes planlaşdırılması, sahibkarlıq, innovasiya menecmenti, loqistika, e-kommersiya, risklərin idarə olunması və s. mövzularda təlimlərin keçirilməsi, hər iki universitetin professor-müəllim və inzibati heyətinin iştirakı ilə Bakıda və Siegendə seminarların aparılması nəzərdə tutulur. Eyni zamanda hər il 4 doktorantın bir aylıq tədqiqat təcrübəsində iştirakı, gənc alimlər arasında “Biznes plan” müsabiqəsinin keçirilməsi, “Məsləhətçi Maliyyə Klubları”nın yaradılması da layihə çərçivəsində həyata keçiriləcək. Klub tələbə, magistr və doktorantların məsləhətçi kimi formalaşmasına, eləcə də Almaniya və Azərbaycanın müxtəlif şirkətlərində təcrübə keçməsinə şərait yaradacaq.
Layihənin UNEC-də təşkil olunan açılış mərasimində Siegen Universitetinin müəllim və 11 tələbəsi ilə birlikdə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakıdakı Məlumat Mərkəzinin rəhbəri, Alman-Azərbaycan Ticarət Palatasının sədri, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) proqram rəhbəri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi, Odlar Yurdu Universitetinin rektoru, Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Erasmus+ milli ofisinin nümayəndəsi də iştirak edib.
Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov hər iki universitet arasında əlaqələrin davamlı inkişaf etdiyini, aktiv müəllim-tələbə mübadiləsinin həyata keçirildiyini bildirib. UNEC-lə Siegen Universiteti arasında yay və qış məktəbinin uğurlu təşkilindən söz açan rektor, 4 illik layihənin hər iki universitet arasında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Ə.Muradov layihənin Azərbaycanda sahibkarlıq və biznes təhsilinin təkmilləşdirilməsi sahəsində mühüm rol oynayacağını da bildirib. O, layihənin UNEC tələbələrinin əmək bazarına daha yaxşı hazırlanması baxımından əhəmiyyətini, eləcə də onlarda yeni iş yerləri yaratmaq təcrübəsi formalaşdıracağını qeyd edib. Ə.Muradov birgə magistratura proqramının həyata keçiriləcəyini layihənin ən mühüm töhvələrindən biri olacağını bildirib.
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakıdakı Məlumat Mərkəzinin rəhbəri xanım Ştefani Düfo (Steffanie Dufaux) bu tipli layihənin Azərbaycanda ilk dəfə həyata keçirildiyini və bunun DAAD tərəfindən regionda maliyyələşdirilən ən böyük layihə olduğunu qeyd edib. O, layihənin hər iki universitetlə yanaşı, həm də Almaniya və Azərbaycan ali təhsil sistemini bir-birinə yaxınlaşdıracağını bildirib.
Siegen Universiteti rektorunun beynəlxalq strateji əməkdaşlıq üzrə müşaviri doktor Ulrix Eberdhat (Ulrich Eberhardt) hər iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlığın tarixindən bəhs edib. Layihənin universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb.
Sonra Siegen Universitetinin departament rəhbəri, professor Petra Muq (Petra Moog) layihənin məzmunu, məqsədi, 4 il ərzində həyata keçiriləcək tədbirlər, eləcə də layihənin reallaşdırılması və maliyyələşdirilməsi mexanizmi barədə ətraflı məlumat verib. Layihənin hazırlanması və icrasına göstərdiyi dəstəyə görə UNEC rəhbərliyi və digər tərəfdaşlara minnətdarlığını bildirib.
Tədbirdə tələbələrin layihə ilə bağlı sualları cavablandırılıb. Sonda Siegen universitetinin qış məktəbində təhsil alan UNEC tələbələrinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihəyə uyğun olaraq, oktyabrın 26-da Siegen Universitetində UNEC-in 9 nəfərlik nümayəndə heyətinin də təmsil olunduğu rəsmi açılış mərasimi keçirilib. Layihənin İşçi Qrupunun ilk iclasında layihənin idarə edilməsi məsələləri, 4 il ərzində həyata keçiriləcək tədbirlər, gələcəkdə kurrikulumların uzlaşdırılması və digər texniki-təşkilatı məsələlər müzakirə edilib. UNEC-in gənc müəllimləri və doktorantları Siegen Universitetinin müvafiq departamentlərini təmsil edən professorlarla görüşüb və gələcəkdə Almaniyada tədqiqat aparmaq istədikləri mövzular üzrə müzakirələr aparıblar.

UNEC-in Mətbuat Xidməti


UNEC DAAD-nin regionda ən böyük layihəsinə start veribUNEC DAAD-nin regionda ən böyük layihəsinə start veribUNEC DAAD-nin regionda ən böyük layihəsinə start veribUNEC DAAD-nin regionda ən böyük layihəsinə start verib

Oxşar xəbərlər