Prezident İlham Əliyev: Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb

Prezident İlham Əliyev: Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb.
Bunu Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüş zamanı deyib.
Dövlət başçısı bildirib: "Siz tamamilə düzgün olaraq qeyd etdiniz ki, bu gün Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir. Bu gün Vladimir Vladimiroviç ilə biz çox söhbət etdik, həm ikitərəfli qarşılıqlı fəaliyyətə, həm də regional problemlərə dair çox mühüm mövzuları müzakirə etdik. Əlbəttə, mətbuat qarşısına çıxanda ölkələrimizin dövlətlərarası münasibətləri tarixində qalacaq bu günün vacibliyini qeyd etdik. Əlbəttə, rəmzi haldır ki, bu hadisə ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində baş verir. Başqa məsələlərdən əlavə, biz ticari-iqtisadi əməkdaşlıq məsələlərini də nəzərdən keçirdik, əlaqələrimizin necə inkişaf etməsindən məmnun olduğumuzu bildirdik. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrimizin inkişafına şəxsən ayırdığınız diqqətə görə sizə təşəkkürümü bildirmək istərdim. Pandemiya şəraitinə baxmayaraq, əmtəə dövriyyəsi xeyli artıb. Bu, əlbəttə, bizim nə dərəcədə səmərəli işləməyimizin göstəricisidir. Ölkələrimizin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi hökümətlərarası komissiyanın səmərəli işini də qeyd etmək istərdim. Bu komissiya gömrük məntəqələrində, nəzarət-buraxılış məntəqələrində yaranan məsələləri operativ surətdə həll edir və ticari-iqtisadi əlaqələrimizin strateji planlaşdırılması ilə məşğul olur. Çox xoşdur ki, qarşılıqlı ticarətin həcmi artır. Fikrimcə, daha çox potensial var. Ümid edirik ki, biz bu il də əmtəə dövriyyəsinin artmasını məmnuniyyətlə qeyd edəcəyik.
Şübhəsiz, regionda yeni reallıqlar nəzərə alınmaqla regional problemlərlə bağlı məsələlər həm regionda etimad, sülh və təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi, həm də ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün yaxşı ilkin şərait yaradır. Bu gün Rusiya Federasiyasının Prezidenti ilə görüşdə biz “3+3” yeni əməkdaşlıq formatının perspektivlərini də müzakirə etdik. Bu format indiki mərhələdə, ilk növbədə, nəqliyyat-kommunikasiya, logistika problemlərinə dair fəal iş aparılmasını nəzərdə tutur. Əminəm, bugünkü diskussiyalar, aparacağımız fikir mübadiləsi Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanatın bütün bəndlərinin həyata keçirilməsinə xidmət edəcək ki, biz öz planlarımızı tamamilə reallaşdıra bilək.
Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə, biz diplomatik münasibətlər yaradılmasından bəri əlaqələri inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl olmasaydı, yəqin ki, biz bu uğurları qazana bilməzdik. Bu gün imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə bizim ticari-hüquqi baza portfelində xüsusi sənəddir. Əminəm ki, bu sənəd ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək.
Koronavirusa qarşı mübarizədə köməyə görə Rusiya tərəfinə ayrıca təşəkkür etmək istərdim. Biz çox minnətdarıq ki, bizə mütəxəssis briqadaları göndərilib, PZR-testlər almışıq və bildiyiniz kimi, biz “Sputnik-V” vaksinini sertifikatlaşdırmışıq. Vətəndaşlarımızın sağlamlığını qorumaq üçün biz gələcəkdə də bu istiqamətdə işləmək niyyətindəyik.
Fikir mübadiləsi aparmaq üçün yaratdığınız bu imkana görə bir daha sağ olun. Əlaqələndirmə Mərkəzinin çox maraqlı təqdimatına görə sağ olun və artıq indidən ümumi mülahizələrdən irəli gələn praktiki məsələləri müzakirə edəcəyik".

Tehsil-press.az


Oxşar xəbərlər