ADA Universitetinin Azərbaycan dilində magistr ixtisaslarının təqdimatı keçirilib

ADA Universitetinin Azərbaycan dilində magistr ixtisaslarının təqdimatı keçirilib ADA Universitetində magistratura təhsil pilləsi üçün Təhsil üzrə menecment və Təlim və tədrisin təşkili və metodikası ixtisaslarının təqdimatı keçirilib.
Tədbir iştirakçıları ixtisasların verdiyi imkanlar barədə ətraflı məlumatlandırılıb. Tədbirə onlayn qoşulan ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal proqramın Azərbaycan dilində olmasının xüsusilə əlamətdar olduğunu bildirib. O, diqqətə çatdırıb ki, proqram regionlararasıdır, gələcəkdə proqramın əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.
Vəfa Kazdal bildirib ki, proqram Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun dəstəyi ilə icra olunur. O, proqramın müəllimlərin inkişafına töhfə verəcəyinə inandığını qeyd edib.
ADA Universitetinin Təhsil fakültəsinin proqram direktoru Səidə Nəbiyeva proqram haqqında ətraflı məlumat verib, təqdimatla çıxış edib. Bildirib ki, 2022/2023-cü tədris ili üçün təklif olunan yeni magistr proqramları növbəti ildən həm ADA Universitetində, həm də universitetin Qazax mərkəzində əyani və distant formada tədris ediləcək. Tədrisin hibrid formada olması nəzərə alınaraq qeyd edilən ixtisaslara qəbul təkcə Qazax rayonundan deyil, digər regionlardan da nəzərdə tutulub: “Dərslər hər semestr ərzində həm əyani, həm onlayn formatda təşkil ediləcək. Proqramın sonunda məzun dissertasiya işi, yaxud da praktiki layihə hazırlayacaq”.
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu təlim və tədris haqqında danışıb. Uğurlu müəllimlərin yetişdirilməsi istiqamətində görüləcək işlərdən bəhs edib.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təhsil sahəsində aparılan islahatlara toxunaraq qeyd edib ki, ADA Universiteti bu islahatlara öz töhfəsini verir. Bacarıqlı kadrların hazırlanması istiqamətində mühüm addımlar atır. O, təqdim olunan proqramın üstünlüklərini diqqətə çatdırıb.
ADA Universitetinin baş müəllimi Ülviyyə Mikayılova regionlardan olan müəllimlərin bu proqramlara qoşulması üçün bütün imkanların mövcud olduğunu vurğulayıb: “Biz istərdik ki, gənc müəllimlər yeni magistr proqramlarının bütün imkanlarından istifadə etsinlər. Çünki yeniləşən dünyanın tələblərinə uyğun olaraq, bilik əsaslı iqtisadiyyatın qurulması və ölkəmizdə rəqabətə davamlı kadrlar hazırlanmasında, keyfiyyətli insan kapitalının formalaşmasında hər iki yeni proqramın böyük rolu olacaq”.
Sonda proqramla bağlı suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər