UNEC-də elm hesabatı: nəticələr və gözləntilər

UNEC-də elm hesabatı: nəticələr və gözləntilər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2021-ci il üzrə elmi fəaliyyətinin yekunları müzakirə olunub. Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, prorektorlar, struktur rəhbərləri, dekanlar, kafedra müdirləri, tədqiqat mərkəzlərinin rəhbərləri və digər əməkdaşlar iştirak ediblər.
Elm üzrə prorektor professor Sakit Yaqubov UNEC-in elmi fəaliyyəti barədə hesabatla çıxış edib. Hesabatda UNEC əməkdaşlarının nəşr olunmuş elmi və metodiki işlərinin sayı, “Web of Science” və “Scopus” bazalarındakı elmmetrik göstəricilər, elmi məqalə və istinad sayı, qrant layihələri, doktoranturaya qəbulun nəticələri, elmi jurnallar, tədqiqat mərkəzlərinin, Kitabxana İnformasiya Mərkəzi və Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, 1975-2022-ci illərdə təhsil müəssisəsinin “Web of Science”də çap olunmuş ümumi məqalələrinin 83 faizi, məqalələrə ümumi istinadların 81 faizi, eləcə də 1997-2021-ci illərdə “Scopus” bazasında indeksləşən bütün məqalələrin 91 faizi, UNEC məqalələrinə ümumi istinadların 91 faizi son 7 ilin (2015-2021-ci illər) payına düşür.
UNEC-in rektoru professor Ədalət Muradov universitetdə elmi fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində görülən işlərin UNEC-100 inkişaf strategiyasının hədəflərinə uyğun aparıldığını və müsbət nəticələr verdiyini bildirib. UNEC-də akademik potensialın kifayət qədər olduğunu diqqətə çatdıran rektor, dünyanın 500 ən yaxşı universiteti sırasında olmaq istiqamətində səylərin daha da artırılacağını vurğulayıb.
Çıxışlardan sonra elmi fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əməkdaşların təklifləri səsləndirilib.

Tehsil-press.az


Oxşar xəbərlər