Dillər Universitetində bayram tədbiri: Novruz boxçası

Dillər Universitetində bayram tədbiri: Novruz boxçası Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq Elmi Mərkəzi, Magistratura şöbəsi, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə “Novruz boxçası” adlı tədbir keçirilib.
Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva tədbirin mahiyyətindən danışıb. Bildirib ki, Novruz Azərbaycan xalqının ən sevimli, milli və rəngarəng bayramıdır. Novruzun kökləri qədim dövrlərə təsadüf edir. Xalqımız bu bayramı uzun illərdir böyük təntənə ilə qeyd edir.
Universitetin elmi işlər üzrə prorektoru professor Novruz Məmmədov bayramla bağlı məlumatları qonaqlarla bölüşüb.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi və Regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev bayramın tarixi kökləri haqqında danışıb. Bəhmən Əliyev Novruz dəyərlərindən bəhs edərkən bu bayramın elmi, astronomik, məişət, təsərrüfat, əkinçilik bayramı olması ilə bağlı maraqlı məqamlara toxunub. O, həmçinin İslam dininin qəbul olunmasının Novruz bayramına təsiri, SSRİ dövründə bayramın keçirilməsinə qoyulan qadağalar və müasir dövrdə bayramın qeyd olunması haqqında məlumat verib.
Regionşünaslıq kafedrasının baş müəllimi və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Təranə Quluzadə, həmin kafedranın baş müəllimi Rəna Rəcəbli, kafedranın digər müəllimi Günay Feyziyeva Novruz bayramının mühüm simvollarından olan çərşənbələrin mahiyyəti, bayramın özünəməxsus ayinləri haqqında çıxış ediblər.
Sonda bayramın inanclarından olan papaq atdı, başmaq falı, yumurta döyüşü iştirakçılara əyani nümayiş etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər