Azərbaycan Dillər Universitetində Qarabağ xalçalarına həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dillər Universitetində Qarabağ xalçalarına həsr olunmuş tədbir keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi, Magistratura şöbəsi, Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ xalçaları” adlı tədbir keçirilib.
Tədbirdə Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva Azərbaycanda xalçaçılığın tarixindən, hər bölgəyə aid xalçaların fərqli xüsusiyyətlərindən danışıb. O, Qarabağ xalçalarının formasının uzunsov, rəng-boyaq palitrasının zəngin olduğunu, bu palitranın isə Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirdiyini bildirib.
Regionşünaslıq kafedrasının müəllimi Kəmalə Qurbanlı Qarabağ xalçaçılıq məktəbləri haqqında məlumat verib. O, Qarabağ xalçalarının tarixindən danışarkən hər bir dövrə məxsus xalçaların əsas növlərindən, onların yayıldığı bölgələrdən söz açıb. Kəmalə Qurbanlı Qarabağda tanınan xovlu və xovsuz xalçaların növlərindən də bəhs edib.
Həmin kafedranın müəllimi Aygün Soltanzadə “Azərbaycan və Qarabağ xalçaları dünya muzeylərində” mövzusunda məruzəsində beynəlxalq sərgilərdə Azərbaycan xalçalarının nümayiş olunmasından və xarici muzeylərdə saxlanılmasından danışıb.
Tədbir iştirakçıları, həmçinin Aygün Soltanzadənin Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Rusiya və digər ölkələrdə nümayiş etdirilən “Qarabağ xalçaları dünya muzeylərində” adlı videoçarxına baxıblar.
Regionşünaslıq kafedrasında təcrübə keçən magistrantlar Zemfira Quliyeva və Şəbnəm Səfərova xalçalar haqqında atalar sözləri, magistrant Nigar Fərəczadə isə bayatılarla çıxış ediblər.
Həmin kafedranın müəllimi Tajdehibonab Mehparə Zəlimxan Yaqubun “Həzrət Süleymanın xalçası kimi” şeirini söyləyib. Kafedranın digər müəllimi Nailə Məmmədova isə qədimdə Qarabağda böyüklərimizin israf olmasın deyə artıq qalan xalça saplarından döşəkcə hazırladıqlarını qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər