AzMİU: Dizayn ixtisasında oxuyan tələbələrə bu semestrdə də italyan dili tədris olunacaq

AzMİU: Dizayn ixtisasında oxuyan tələbələrə bu semestrdə də italyan dili tədris olunacaq Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova İtaliyanın Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilən “Laureati per l’italiano” qrant layihəsi çərçivəsində tələbələrə italyan dilini öyrətmək üçün Bakıya gələn Mikela Tavaqni ilə görüşüb. İtaliyanın ölkəmizdəki səfirliyinin mədəniyyət attaşesi Lorena Masçiletto da görüşdə iştirak edib.
Görüşdə rektor Gülçöhrə Məmmədova İtaliya ali məktəbləri ilə əməkdaşlığın 2003-cü ildən bu günə qədər uğurla davam etdirildiyini vurğulayıb. Beynəlxalq layihələr çərçivəsində İtaliyanın Milan Texniki, Pavia və Sapienza universitetləri ilə səmərəli əməkdaşlıqdan danışıb. 2019-2020-ci tədris ilində AzMİU-nun Memarlıq fakültəsinin dizayn ixtisasında oxuyan tələbələri üçün italyan dilinin tədrisinə başlanıldığını qonaqların diqqətinə çatdırıb. Bu ənənənin 2022-ci ildə də davam edəcəyindən məmnunluğunu ifadə edən Gülçöhrə Məmmədova tələbələr üçün bu imkanı yaradan İtaliyanın Xarici İşlər Nazirliyinə təşəkkürünü bildirib.
Qonaqlar layihənin uğurlu və səmərəli nəticələri üçün lazımi dəstəyin göstəriləcəyini bildiriblər.
Görüşdə İtaliya universitetləri ilə AzMİU arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Laureati per l’italiano” layihəsi ana dili italyan dili olmayan ölkələrdə həyata keçirilir. Layihə bu ölkələrdə italyan dilinin tədrisinin zənginləşdirilməsinə xidmət edir.

Tehsil-press.az


Oxşar xəbərlər