Dünya 2022-ci il fevralın 24-ü səhər saatlarında Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması ilə silkələndi. Rusiya bir neçə istiqamətdən başlayan hücuma xüsusi əməliyyat adı versə də, beynəlxalq hüquq və miqyas baxımından baş verənlərin müharibədən başqa adı yox idi. Bununla da son illər bir-birinə qarşı sərt ritorika nümayiş etdirən Moskva və Kiyev 30 illik müstəqillik tarixində münasibətlərinin ən ağır dövrünə qədəm qoydu.
Şərq slavyanları sayılan, bir-biri ilə sıx genetik, tarixi, mədəni və iqtisadi bağları olan iki xalq - ruslar və ukraynalılar bugünkü düşmənçilik səviyyəsinə, müharibə həddinə necə gəlib çıxdı?
1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarus liderləri Belovejsk razılaşmasını imzalayaraq, can verən Sovet İttifaqının aqoniyasına son qoydu, faktiki olaraq “Qırmızı İmperiya”nı tarixin arxivinə göndərdilər. Rusiya və Ukrayna da daxil olmaqla, 15 müttəfiq respublika müstəqillik əldə etdi. Rusiya-Ukrayna münasibətlərində gərginlik isə elə ilk vaxtlardan müşahidə olunmağa başladı. Bu gərginlik Qara dəniz donanmasının aqibəti ilə bağlı idi. 100 min hərbçi, 6 kreyser daxil olmaqla 800-ə qədər gəmi, 14 K-25 helikopteri və 28 sualtı qayığın cəmləşdiyi Qara dəniz donanması çox ciddi qüvvə idi. Onun əmlakının bölüşdürülməsi, Rusiyanın varisi olacağı donanmanın Ukraynanın Krım yarımadasında, Sevastopol limanında daimi dislokasiya yerinin dəyişdirilib-dəyişdirilməyəcəyi müzakirə mövzusuna çevrilmişdi. Nəhayət, 1997-ci ildə prezidentlər Leonid Kuçma ilə Boris Yeltsin donanmanın iki tərəf arasında bölünməsi və Rusiyanın Qara dəniz donanmasının 2017-ci ilə qədər Krımda qalması barədə razılıq əldə edirlər. “Böyük Müqavilə” adı alan razılaşmada Rusiya Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünü tanıyır.
Bundan əvvəl - 1994-cü il dekabrın 5-də isə o zaman üçün dünyada ABŞ və Rusiyadan sonra ən çox nüvə başlığı olan Ukrayna təhlükəsizlik təminatları qarşılığında öz nüvə başlıqlarını Rusiyaya verir və bu silahdan könüllü imtina edir. Budapeşt Memorandumu adını alan sənəddə ABŞ, Rusiya və Böyük Britaniya Ukraynanın ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc təhdidi və onun tətbiqinə qarşı öhdəlik götürür.
Bundan sonra Rusiya-Ukrayna münasibətləri 2003-cü ilə qədər normal şəkildə davam edir.
2003-cü ilin sentyabrında isə növbəti yüngül gərginlik yaşanır. Rusiyanın Krasnodar vilayətinin Taman yarımadasından Ukraynaya məxsus Tuzla adasına doğru damba tikməsi Ukrayna tərəfinin kəskin etirazı ilə qarşılanır. Hətta Prezident Leonid Kuçma Tuzlaya gedərək Rusiyanın mövqelərini izləyir. Oktyabr ayında intensiv danışıqlar Rusiyanın damba tikintisini dayandırması ilə nəticələnir.
2004-cü ildə keçirilən prezident seçkiləri isə Ukrayna-Rusiya münasibətlərində əsas qırılma nöqtələrindən biri olur. Belə ki, Kremlin aktiv dəstəklədiyi Viktor Yanukoviç 2-ci turda 49,46% səs toplayaraq Ukraynanın yeni Prezidenti elan olunsa da, “narıncı inqilab” adını almış xalq etirazları fonunda nəticələr ləğv edilir və 26 dekabrda keçirilən təkrar seçkilər zamanı qərbyönlü namizəd Viktor Yuşşenko qalib gəlir.
Rusiya bu hadisələrin Qərb tərəfindən təşkil olunduğunu, “narıncı inqilab” ssenarisinin qərb dövlətləri, əsasən də ABŞ tərəfindən hazırlandığını açıq şəkildə bəyan edir. Beləliklə, Rusiya-Ukrayna münasibətlərində gərginlik artmağa başlayır.
Rusiya vektorunda uzaqlaşma siyasəti aparan yeni hakimiyyət 2006 və 2009-cu illərdə Rusiyadan qaz idxalında ciddi problemlər yaşayır və bu, Avropanın qaz təminatına da mənfi təsir göstərir. Yeni razılaşmaya əsasən, rəsmi Kiyev rus qazını əvvəlki qiymətindən 2 dəfə baha almalı olur. Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Qərb-Ukrayna ilə sıx siyasi, hərbi və iqtisadi əməkdaşlıq qurur. Nəticədə 2008-ci ildə iki tərəf arasında növbəti və daha ciddi qırılma anı yaşanır. Belə ki, NATO-nun Buxarest Sammitində Prezident Corc Buş Gürcüstana və Ukraynaya hərbi alyansa üzvlüyə hazırlıqla bağlı planın təsdiqlənməsini təklif etsə də, Almaniya və Fransa Kiyev və Tbilisinin üzvlüyə hazır olmamasını əsas gətirərək, bu təklifə etiraz edir. Tarixi nüfuz dairəsinə müdaxilə olunduğunu hesab edən Kreml də üzvlük planlarına kəskin etiraz bildirir. Hadisələr 2008-ci ilin avqustun 8-də Rusiya ilə Gürcüstan arasında müharibə ilə davam edir. Ukrayna MDB ölkələri arasında Gürcüstana açıq dəstək nümayiş etdirən yeganə ölkə olur və bu, Rusiya-Ukrayna münasibətlərini daha da dərin böhrana aparır. Bu fonda 2010-cu ildə rusiyapərəst Viktor Yanukoviçin Ukrayna Prezidenti seçilməsi Moskva-Kiyev münasibətlərində yeni istiləşmə dövrünün başlayacağı barədə təəssürat oyadır.
Doğurdan da, ilk vaxtlar Rusiya-Ukrayna münasibətləri pozitiv məcrada inkişaf edir. Belə ki, 2010-cu ilin aprelində Rusiya Prezidenti Dmitri Medvedev Ukrayna Prezidenti Yanukoviçlə Rusiyanın Qara dəniz donanmasının 2042-ci ilə qədər Krımda qalması barədə razılıq əldə edir.
Əvəzində Kiyev rus qazını xeyli ucuz qiymətə almağa başlayır. Amma tezliklə hadisələr Moskva üçün arzuolunmaz istiqamətə yön alır.
Belə ki, sələfi Yuşşenko kimi Qərbə inteqrasiyanı ölkəsi üçün əsas prioritet sayan Yanukoviç də Avropa İttifaqı ilə aktiv dialoqa başlayır.
Həmin dialoqun nəticəsi olaraq, 2013-cü il noyabrın 28-də Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Avropa İttifaqı ilə Ukrayna arasında assosiativ üzvlük barədə sazişin imzalanacağının anonsu verilir.
Amma noyabrın 21-də Yanukoviç sazişi imzalamayacağını açıqlayır. Ukrayna lideri imtina addımına Moskvanın siyasi və iqtisadi təzyiqi altında getdiyini açıq şəkildə deyir.
Bu fonda noyabrın 21-dən başlayaraq paytaxt Kiyevin Müstəqillik ("Nezalejnost”) meydanında etiraz aksiyası başlayır. Etirazçılar Rusiyanın təzyiqinə rəğmən, Avropa İttifaqı ilə assosiativ sazişin imzalanmasını tələb edirlər.
Tezliklə “Avromaydan” adını alan hərəkatın üzvləri çadırlar quraraq Müstəqillik meydanında davamlı aksiyalar keçirməyə başlayır.
Məhz bu məqamda ilk baxışdan önəmsiz görünən, amma perspektivdə etiraz aksiyasını inqilabi məcraya yönəldən insident baş verir.
2013-cü il noyabrın 30-u gecə saatlarında etirazçıların düşərgəsinə “Berkut” polisi hücum edir, aksiyanı xüsusi amansızlıqla dağıdır.
Hadisənin internet və televiziya üzərindən yayımlanan videogörüntüləri cəmiyyətdə böyük hiddətə, hüquq-mühafizə orqanları və siyasi rəhbərliyin addımlarından ciddi narazılığa yol açır.
Bunun nəticəsi kimi dekabrın 1-də Müstəqillik meydanına artıq 1 milyondan çox etirazçı çıxmışdı.
Bu andan etibarən “Avromaydan” hərəkatı hakimiyyətə qarşı çağırışlarını sərtləşdirir və tezliklə istefa tələbləri irəli sürür.
İnqilab 2014-cü il fevralın 21-də Kiyevin mərkəzində küçə döyüşləri və Prezident Viktor Yanukoviçin ölkədən qaçışı ilə öz zirvəsinə çatır.
Kütləvi xalq etirazları mövcud hakimiyyətin devrilməsi ilə nəticələnsə də, bu, Ukraynaya gözlənilən sabitliyi və xoşbəxtliyi gətirmir.
Çünki məhz Yanukoviçin devrildiyi günlərdə Rusiya-Ukrayna münasibətlərində yekun qırılma nöqtəsi başlayır.
Yanukoviçin devrilməsindən 1 gün qabaq Rusiya 1953-cü ildə SSRİ rəhbəri Nikita Xruşşovun qərarı ilə Rusiyanın tərkibindən çıxarılaraq, Ukraynaya verilən Krım yarımadasına gizli hərbi müdaxiləyə başlayır.
Krım parlamenti də daxil olmaqla, əsas siyasi obyektləri nəzarətə alan Rusiya qoşunları yarımadadakı Ukrayna hərbçilərini tərksilah edirlər.
2014-cü il martın 16-da bölgədə referendum keçirən Moskva Krım sakinlərinin Rusiya ilə birləşmək istədiklərini elan edir. Bununla da, Krım Rusiya tərəfindən birtərəfli qaydada ilhaq olunur.
Amma bu da Rusiya-Ukrayna münasibətlərinin daha da gərginləşməsinin, iki tərəf arasında eskalasiyanın sonuncu akkordu deyildi. Krımla yanaşı, Ukraynanın şərqində, ənənəvi rusofil meyllərin hökm sürdüyü Donbas regionunda da (Donetsk, Luqansk vilayətləri) etirazlar baş qaldırır.
Donetsk, Luqansk, Xarkov, Dnepr, Melitopol, Mariupol, Odessa, Nikolayev və Xerson şəhərlərində eyni anda “Rus baharı” adını almış siyasi hadisələr silsiləsi yaşanır. Aksiyalarda təkcə yerli fəallar deyil, Rusiyadan gələn könüllülər, imperiya xiffəti ilə yaşayanlar, millətçilər, xüsusi xidmət orqanlarının əməkdaşları və digərləri iştirak edirdi.
Aprel ayı ərzində ard-arda Luqansk, Donetsk və Xarkovda Ukraynadan ayrılmağın və Rusiya ilə dərin inteqrasiyanın tərəfdarları tərəfindən “Xalq Respublika”ları elan olunur.
Luqansk və Donetskdə inzibati və hərbi obyektlərin zəbt edilməsi uğurla başa çatsa da, Xarkovda vilayət administrasiyasının binasını ələ keçirmək cəhdi uğursuzluqla başa çatır.
2014-cü il aprelin 13-də Ukrayna Prezidenti səlahiyyətlərini icra edən Aleksey Turçinov Ukrayna Ordusu cəlb edilməklə Donbasda antiterror əməliyyatının başlanıldığını elan edir.
Bundan 1 gün öncə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin keçmiş polkovniki İqor Qirkinin (Strelkov) başçılığı altında silahlı dəstə Ukraynanın Slavyansk şəhərinə daxil olur və şəhəri nəzarətə alır. Donetsk və Luqansk vilayətinin əksər şəhərləri separatçıların nəzarəti altına keçir.
Ukraynada may ayında baş tutan Prezident seçkilərində Pyotr Poroşenkonun qalib gəlməsi ilə rəsmi Kiyev şərqdə separatçılara qarşı aktiv döyüş əməliyyatlarına başlayır.
İyunun 13-də Mariupol şəhəri separatçılardan azad olunur. İyul ayı ərzində Slavyansk, Kramatorsk, Lisiçansk, Severodonetsk, Rubejnoe və s. iri yaşayış məntəqələri də separatçılardan təmizlənir.
2014-cü ilin avqustun 12-də artıq Rusiya ilə sərhəddə yaxınlaşan Ukrayna Ordusu İlovaysk şəhəri yaxınlığında mühasirəyə alınır. Yüzlərlə hərbçinin öldürüldüyü və yaralandığı həmin əməliyyatda uğursuzluğa görə Ukrayna tərəfi Rusiyanı ittiham edir.
Rəsmi Kiyev separatçılara hərbi və maliyyə dəstəyi göstərən Moskvanın İlovaysk istiqamətində öz qoşunlarını gizli şəkildə istifadə etdiyini, beləliklə, separatçıları tam məğlubiyyətdən xilas etdiyini açıqlayır.
Sentyabrın 5-də Minskdə atəşin dayandırılması barədə razılaşma (Birinci Minsk Razılaşması) imzalanır. Razılaşma Donbas münaqişəsinin həllini hərbi müstəvidən siyasi müstəviyə daşımalı idi.
Amma razılaşma qısa zaman sonra pozulur. 2014-cü ilin dekabrında hərbi əməliyyatlar yenidən qızışır və bu dəfə döyüşlər Donetsk Hava Limanı və Debaltsevo şəhəri uğrunda aparılır.
Rusiyayönümlü separatçıların lokal uğurları ilə başa çatan hərbi əməliyyatlar 2015-ci il fevralın 12-də “Normand dördlüyü” liderlərinin (Rusiya, Ukrayna, Fransa, Almaniya) Belarus lideri Aleksandr Lukaşenkonun iştirakı ilə Minskdə sayca ikinci atəşkəs razılaşmasının (Minsk-2) imzalaması ilə yekunlaşır.
Razılaşma qanunsuz hərbi birləşmə üzvlərinin əfv olunması, Rusiya ilə sərhədin Ukraynanın nəzarətinə keçməsi, Luqansk və Donetskdə Ukrayna qanunvericiliyi əsasında seçkilərin keçirilməsi və bu 2 vilayətin bəzi hissələrinə xüsusi statusun verilməsini nəzərdə tuturdu.
Müqavilədən ötən 7 il ərzində Minsk razılaşmalarının tam həcmdə icra edilməsi mümkün olmadı. Donbas bölgəsi bu illər ərzində atəşkəsin tez-tez pozulduğu, periodik olaraq diversiya aktlarının keçirildiyi qeyri-stabil bölgəyə, “dondurulmuş münaqişə”yə çevrildi. Son aylar ərzində Ukraynanın anti-Rusiya addımları, Qərbə, Avropa İttifaqına, NATO-ya inteqrasiya mesajları Moskvanı daha da qıcıqlandırmağa başladı. Artıq proseslər Rusiya-Ukrayna münasibətlərinin geri dönüşü çox çətin olacaq məcraya istiqamət almışdı. Həm Rusiya, həm Ukrayna, həm də Qərb ölkələri və təşkilatları tərəfindən səsləndirilən bəyanatlar da hədə-qorxu, qeyri-kompromis tonunda idi. Ukrayna ilə münasibətlərin gərginləşməsi fonunda Rusiya ABŞ-dan və NATO-dan Şərqə doğru (Ukrayna) genişlənməmək və təhlükəsizlik təminatı istəsə də, bu istiqamətdə tərəflər arasında baş tutan məktublaşma və təkliflər trafiki uğursuzluqla nəticələndi. Ukrayna Prezidenti Vladimir Zelenskinin bir neçə dəfə Rusiya Prezidenti Vladimir Putinlə görüş üçün səsləndirdiyi könülsüz təkliflər də cavabsız qaldı.
Qərbin və Rusiyanın güzəştə getməməsi, isrardan dönməməsi Ukraynanın başında çatladı, Rusiya-Ukrayna müharibəsi üçün bütün yollar açılmış oldu.
2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk “Xalq Respublika”larının tanınması barədə qərar imzaladı. 24 fevralda isə bu “respublika”ların təhlükəsizliyini təmin etmək məqsədilə Rusiya Ukraynaya açıq və birbaşa hərbi müdaxiləyə başladı.
Beləliklə, 1991-ci ildən müstəqillik əldə edən iki slavyan xalqı və dövləti arasında ildən-ilə artan gərginlik 2022-ci ildə öz zirvəsinə - müharibəyə gətirib çıxardı.
Artıq minlərlə insan bu müharibənin qurbanına, milyonlarla ukraynalı qaçqına çevrilib. Ukraynanın şəhərləri bu gün xarabalığı xatırladır. Müharibənin dayandırılması üçün bir müddətdir davam edən Rusiya-Ukrayna danışıqları isə hələlik nəticəsizdir. Görünən odur ki, müharibə hələ bir müddət də davam edəcək. Bunun siyasi və digər səbəblərini ortaya gətirmədən birmənalı demək olar ki, iki qardaş xalq arasında münasibətlər kökündən ağır zərbə alıb. Rusiya-Ukrayna münasibətləri, iki qonşu və qardaş xalq arasında münasibətlərin əvvəlki vəziyyətə qayıtması üçün uzun illər lazım gələcək. Lakin münasibətlərin düzələcəyi halda belə, Ukrayna xalqı, eləcə də bütün dünya bu müharibəni, bu müharibə nəticəsində yaşananları heç vaxt yaddan çıxarmayacaq. 24 fevral 2022-ci il Rusiya-Ukrayna münasibətlərində və tarixində qara gün kimi əbədi qalacaq.
Vüqar İsmayılov