Magistrantların “Təhsilin təşkili və idarə olunmasının aktual məsələləri” mövzusunda respublika elmi konfransı işə başlayıb

Magistrantların “Təhsilin təşkili və idarə olunmasının aktual məsələləri” mövzusunda respublika elmi konfransı işə başlayıb Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 27 mart – Elm Gününə həsr olunmuş “Təhsilin təşkili və idarə olunmasının aktual məsələləri” mövzusunda magistrantların respublika elmi konfransının açılış mərasimi keçirilib.
Konfransda Pedaqoji Universitetlə yanaşı, Bakı Slavyan, Sumqayıt Dövlət, Lənkəran Dövlət və Mingəçevir Dövlət universitetlərindən 300 nəfərə yaxın magistrant iştirak edir.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru, konfransın Təşkilat Komitəsinin sədri professor Cəfər Cəfərov vurğulayıb ki, bu gün həm dünyada, həm də Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində, o cümlədən təhsildə sürətli dəyişikliklər baş verir. Ona görə də təhsilin təşkili və idarəedilməsinə münasibət dəyişilməlidir, yeni yanaşmalar tətbiq olunmalıdır və bu istiqamətdə davamlı proses gedir.
Rektor qeyd edib ki, təhsilin keyfiyyəti anlayışının sürətlə dəyişdiyi dövrümüzdə yeni təfəkkür tərzinə malik şagirdlərin yetişdirilməsində ali təhsil müəssisələrinin gənc tədqiqatçıları və gənc müəllimlərimizin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan bugünkü konfrans təhsil ixtisaslarının magistrantları üçün praktik önəm daşıyır. Belə konfranslarda dövrün ən son problemləri müzakirəyə çıxarılmalı, magistr dissertasiya mövzularında ən aktual məsələlər elmi araşdırmaya cəlb olunmalıdır.
Plenar iclasda çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, Təşkilat Komitəsinin sədr müavini professor Asəf Zamanov qeyd edib ki, son illər universitetdə magistratura və doktorantura səviyyəsində dövrün tələblərinə uyğun yeni nəsil mütəxəssislər hazırlanması işini təkmilləşdirmək məqsədilə ardıcıl tədbirlər icra olunur. Həmin tədbirlərin davamı olaraq ADPU-da Elm Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Bu qəbildən növbəti mötəbər tədbir isə bugünkü respublika konfransıdır.
Çıxış edənlərdən professorlar Fərrux Rüstəmov, Müseyib İlyasov, Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov magistrantlara uğur arzulayaraq onları bölmə iclaslarında fəal olmağa çağırıblar.
Plenar iclasda ADPU-nun magistrantı Nigar Cəfərli “İşğaldan azad edilmiş ərazilərdə təhsilin təşkili məsələləri”, BSU-nun magistrantı Sevda İbrahimova isə “İnteqrasiya üçün psixoloji və pedaqoji ilkin şərtlər” mövzusunda məruzə ediblər.
Dosentlər Arzu Daşdəmirov, Fəxrəddin Yusifov, çinli magistrant Xueying Bao və Sumqayıt Dövlət Universitetinin magistrantı Bənövşə Talıbova yaradılan şəraitə görə ADPU rəhbərliyinə təşəkkür edərək konfrans iştirakçılarına elmi uğurlar arzulayıblar.
Konfrans “İnnovasiyalar və təhsilin keyfiyyəti”, “Təhsilin təşkili və idarə edilməsi”, “Təhsildə sosial-psixoloji xidmət”, “Tədrisin müasir problemləri” bölmələri üzrə müzakirələrlə davam edib.
Qeyd edək ki, iki gün davam edəcək konfransın yekununda bölmə rəhbərlərinin hesabatları dinləniləcək və tezisləri məqbul sayılan magistrantların əsərləri konfrans materialları kimi nəşr olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər