Mədəniyyət və İncəsənət Universiteti EBSCO eBook akademik kolleksiyasından istifadə imkanı əldə edib

Mədəniyyət və İncəsənət Universiteti EBSCO eBook akademik kolleksiyasından istifadə imkanı əldə edib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-İnformasiya Mərkəzində professor-müəllim və tələbə heyəti dünyanın ən geniş onlayn beynəlxalq elmi tədqiqatlar və nəşrlər bazası olan EBSCO eBook akademik kolleksiyasından istifadə imkanı əldə edib.
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun təqdim etdiyi kolleksiyadan ödənişsiz istifadə 2022-ci il mayın 1-dən etibarən üç ay müddətinə ADMİU-nun əsas binasında Kitabxana-İnformasiya Mərkəzinin oxu zalında davam edəcək. İstifadəçilərin burada olan kompüterlərdəki IP ünvanlardan EBSCO bazasına search.ebscohost.com saytından daxil olması mümkündür. Bu zaman saytda akademik Premier məlumat bazasına daxil olaraq axtarış sahəsində açar sözləri daxil edib PDF formatında 4500 jurnal, 1000-dən çox kitabın tam mətnlərini əldə etmək olar. Bazada mədəniyyət və incəsənət sahələrinə aid olan 10 mindən çox jurnal məqaləsi yerləşdirilib. Məlumat bazasında bütün elektron kitablar qeyri-məhdud sayda istifadəçi üçün əlçatandır və yeni nəşrlər mütəmadi olaraq kolleksiyaya əlavə olunur. Geniş mövzu və fənləri, aparıcı akademik və universitet nəşriyyatlarının kitablarından ibarət kolleksiyanın rahat istifadəçi interfeysi onu kitabxanalar üçün əsas elektron resurs bazasına çevirir. Qeyd edək ki, EBSCO nəşrlərindən istifadə etmək üçün oxuculardan xarici dil bilgiləri tələb olunur. Burada materiallar ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə təqdim edilir.
Elmi resursların əlaqələndiricisi kimi dünyada aparıcı mövqeyə malik EBSCO ilə əməkdaşlıq ADMİU əməkdaşlarının elmi potensialının dünya elminə inteqrasiyası və inkişafına müsbət təsir göstərəcək.

Tehsil-press.az


Oxşar xəbərlər