Anadan olmasının 99 illiyi zirvəsindən görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi xidmətlərinə nəzər yetirmək, fəaliyyətini araşdırmaq həm praktik siyasət, həm də tarixi-elmi-nəzəri baxımdan aktualdır.
Bu fikirlər Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “Zamandan uca” adlı məqaləsində yer alıb.
Həmin məqaləni təqdim edirik.
Yaşadığı dövrdən uzaqlaşdıqca böyüklüyü daha yaxşı görünən, Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişafı, güclü dövlət, xalqının isə qüdrətli olmasına çalışanlara və tərəfdar olanlara daha yaxın olan Heydər Əliyevin müstəqil dövlətçilik fəaliyyətinin bütün tərəflərini heç şübhəsiz, bir məqalədə işıqlandırmaq mümkün deyil. Bunun üçün dərin elmi tədqiqat işlərinin aparılmasına və əsərlərin yazılmasına ehtiyac var. Təqdim edilən məqalədə başlıca məqsəd Azərbaycanın dövlət müstəqilliyinin əsaslarının yaradılması, qorunub saxlanılması və dövlət qurulmasında Heydər Əliyevin fəaliyyətinə nəzər yetirməkdir.
Tarixi tədqiqatların dünyada qəbul olunmuş metodoloji prinsiplərinə görə, dövlət xadiminə bir sıra meyarlar əsasında qiymət verilir. Tarixi şəxsiyyət konkret məkan və zaman daxilində fəaliyyət göstərdiyindən ona məhz həmin baxımdan yanaşmaq tarixi tədqiqatların metodoloji tələblərindən biridir. Dövlət rəhbərinə özündən sonra gələnlərlə deyil, özündən əvvəlkilərlə müqayisədə qiymət verilir. Lakin zamandan uca olan, xalqının inkişaf yolunu əvvəlcədən on illər və bəzən də yüz illər sonra üçün müəyyənləşdirən, xalqın tərəqqisi üçün başlıca şərt olan dövlətinin qüdrətlənməsi işinə ömrünü həsr edənlər dahilərdir. Sonrakı tarixi dövrlərdə hakimiyyətə gələnlər xalqı və dövləti daha da güclü etmək üçün məhz onların dövlətçilik irsinə və təcrübəsinə müraciət edirlər. Məhz həmin meyarlar baxımından Heydər Əliyevin dövlətçilik irsinə diqqət yetirmək, bəlağətə yol vermədən bəzi suallara elmi əsaslandırılmış və məntiqi cavab vermək yaxın tariximizi doğru bilmək, qiymətləndirmək və düzgün nəticələr çıxarmaq baxımından əhəmiyyətlidir. 99 ilin ucalığından Heydər Əliyev dövlət və siyasi xadim olaraq necə görünür? Həmin fəaliyyətdən hansı ibrət dərsləri almaq olar? Regionun və dünyanın geosiyasətinin dəyişməsinə təsir edən dövlət xadimi kimi Heydər Əliyevin xarici siyasət fəaliyyəti necə görünür? Bu məqalə qətiyyən təbliğat xarakteri daşımır, tarixi şəxsiyyətin fəaliyyətinə tarixçi baxışıdır.
İstiqlalın təməlləri
Azərbaycan xalqı 1918-ci ilin may ayında müsəlman dünyasında bir ilkə imza atdı. Müsəlman Şərqində ilk dəfə olaraq respublika idarə üsulunda Azərbaycan Xalq Cümhuriyyətini yaratdı, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyasının istilasına məruz qaldıqdan sonra milli dövlət süquta uğradı. Azərbaycan SSR yaradıldı. Müstəqil dövlətçiliyin atributlarının məhv edilməsinə başlanıldı. XX əsrin 20, 30 və 40-cı illəri sovet dövlət quruculuğu adı altında müstəqil dövlətçiliyin ləğv edilməsi, təbii sərvətlərinin amansızlıqla talan edilərək daşınıb aparılması, Azərbaycanın mərkəzə daha çox bağlanması, milli ədəbiyyatın, milli ruhlu ziyalıların məhv edilməsi, təqiblər və repressiyalar ilə yadda qaldı. Azərbaycan rəhbərliyində təmsil olunan şəxslər arasında intriqalar, mərkəzə şikayət dolu məktubların göndərilməsi respublikaya olan mənfi münasibəti daha da artırırdı. Sovet lideri Stalinin ölümündən sonra ölkədə nisbi yumşalma baş verdi. Lakin həmin yumşalmadan milli məsələlərin həlli üçün bacarıqla istifadə olunmadı. Mərkəz Azərbaycanı cəzalandırmaq yolu tutdu. Yenidən milli ruhlu insanlar sıxışdırılmağa başlandı.
1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra şərait tədricən dəyişməyə başladı. Fabrik və zavodların tikilərək işə salınması nəticəsində yerlərdən gənclərin paytaxta gəlməsi ilə çarizm və sovet dövrlərində milli simasını itirmiş Bakı şəhərinə milli ruh gəldi. Dövlət müstəqilliyinin maddi təməlləri olan ərazinin qorunmasına, demoqrafik inkişafa, hakimiyyətin güclü olmasına xüsusi diqqət yetirildi. İstiqlal üçün lazım olan maddi təməllər sovet sistemi daxilində formalaşmağa başladı. Azərbaycan ərazisindən qonşu respublikalara pay verilmədi. Əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Bu isə respublikada demoqrafik inkişafa ciddi təsir etdi.
Heydər Əliyev sovet sistemi şəraitində Azərbaycanı daim didib-parçalayan, xalq haqqında mərkəzdə mənfi rəy yaradan intriqalara son qoydu. Hakimiyyətin qanadları arasında yekdillik yaradıldı. Xalq ilə hakimiyyət arasında birlik quruldu, milli kadrların yerləşdirilməsinə üstünlük verildi. Güclü hakimiyyət formalaşdırıldı. Bütün ölkədə slavyan xalqların nümayəndələri milli respublikalarda hakimiyyət kürsülərinə daha çox gətirildiyi bir zamanda Heydər Əliyev yerli kadrları hazırlamağa və ətrafına toplamağa başladı. Xarici tədqiqatçılar Heydər Əliyevin uğurlarından biri kimi məhz bu amili görürdülər. İstiqlal üçün tələb olunan mənəvi amillərin formalaşması üçün addımlar atıldı. Məlum olduğu kimi, Azərbaycanın istiqlal fikri azərbaycanlı maarifçilərin, şair, yazıçı və alimlərin əsərlərində intişar tapmışdı. İstiqlal məfkurəsini əsər və düşüncələrində gəzdirdikləri üçün əvvəlki illərdə daim təqib olunan alim, şair, yazıçı və jurnalistlər azad nəfəs aldılar. Belə şəxsləri mərkəzin cənginə verməyən Heydər Əliyev bəzən onları yüngülcə tənqid etsə də, az sonra onlara yüksən fəxri adlar və vəzifələrə verərək qoruyurdu. Xarici tədqiqatçılar yazır ki, şair və yazıçıların əsərlərində Azərbaycan xalqını düşündürən problemlərin əks olunması ideyası Mərkəzi Komitənin Birinci katibinin kabinetinin açılmış pəncərələrindən yayılırdı.
Heydər Əliyev Azərbaycan dili üzrə tədqiqatların aparılmasını təşviq edir, həmin sahənin görkəmli alimlərinə dövlət mükafatları verirdi. Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin xatirəsini əziz tutur və əbədiləşdirirdi. Sovet dövründə hamının ümumi vətəni hesab edilən SSRİ-nin bir guşəsindən uzaq Sibirdən böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin Bakıya deyil, doğulduğu Naxçıvana gətirilməsinin dərin mənası var idi. Heydər Əliyev Azərbaycanın bir guşəsini ümumi, kosmopolit vətəndən üstün tutur, birinci yerə respublikasını qoyurdu. Hüseyn Cavidin məzarının köçürülməsi təkcə tarixi ədəbi irsin mühafizəsinə göstərilən qayğı deyil, şair, yazıçı, jurnalist və alimlərə qorxmamağa, yazıb-yaratmağa bir işarə idi. Sonralar çıxışlarının birində Heydər Əliyev deyirdi: “Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım”.
Bakıdan Moskvaya
1982-ci ilin sonlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçilməsi ilə Heydər Əliyevin həyat və fəaliyyətinin Moskva dövrü başladı. Türk, müsəlman olan Heydər Əliyevin Moskvada rəhbər vəzifələrə çəkilməsi, dünyanı lərzəyə salan sovet imperiyasını idarə edən şəxslərdən biri olması bir tərəfdən, dövlət idarəçilik bacarığı, yüksək intellektual səviyyəsi, Əfqanıstana hərbi müdaxilədən sonra müsəlman dünyasında itirilmiş sovet nüfuzunu bərpa etmək niyyətləri ilə bağlı idisə, digər tərəfdən xarici ölkələrdə nəşr edilən əsərlərdə yazıldığı kimi, onun Azərbaycandan uzalqaşdırılması, mərkəzdə daha yaxın nəzarət altında saxlanılması ilə əlaqədar idi. Mərkəzdə belə hesab edirdilər ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan müstəqilliyə hazırlanıb, yalnız onun formal elan edilməsi qalır. Heydər Əliyevin vəzifədən çıxarılması ağır nəticələr verə bilərdi. Bunun qarşısını Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaqla deyil, Moskvada daha çox nəzarət altına almaqla saxlamaq mümkün idi. Heydər Əliyevdən sonra hakimiyyətə gələn Azərbaycan rəhbərləri respublikanın gücləndirilməsi xəttini davam etdirə bilmədilər. Azərbaycan geriyə getdi. SSRİ-də hakimiyyətə gələn Mixail Qorbaçov türk, müsəlman respublikalarının Brejnev dövründə kifayət qədər irəli getdikləri, dövlət müstəqilliklərini elan etməyə hazır olduqları qənaətində idi. Buna görə də SSRİ rəhbərliyində olan türk dövlət xadimlərinə etinasızlıq göstərərək onları vəzifələrindən uzalqlaşdırdı, xalqlarını isə cəzalandırmaq yolunu tutdu. Heydər Əliyev də vəzifələrindən uzaqlaşdırıldı. Bundan sonra Azərbaycan ağır günlərə düşdü. Ermənistan əsassız ərazi iddiaları ilə Azərbaycanın daxili işlərinə qarışmağa və bir neçə il sonra açıq hərbi müdaxiləyə başladı. Ermənistanda tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovularaq qaçqına çevrildilər. Azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələri dağıdıldı. Hakimiyyət bütün bunların qarşısını almaq iqtidarında deyildi. Azərbaycan böhrana düşdü. Rəhbərlər bir-birinin ardınca dəyişsə də, vəziyyət düzəlmədi.
Dönüş anı
SSRİ rəhbərliyi təcavüzkar Ermənistanı dayandırmaq əvəzinə Azərbaycanı cəzalandırmaq yolunu tutdu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet qoşun hissələri dinc əhaliyə qarşı kütləvi qırğın törətdi. Azərbaycan xalqına qarşı qəddar repressiya aktı olan bu hadisədən sonra Heydər Əliyev Moskvada təhlükəsizliyinin təmin edilməməsinə baxmayaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın daimi nümayəndəliyin gəlib bəyanat verərək 20 Yanvar qətliamını törədənləri ittiham etdi, ən ağır məqamda xalqının yanında oldu, qəti mövqeyini ortaya qoydu. Heydər Əliyevin bu addımı onun gələcək siyasi və müstəqil milli dövlətçilik fəaliyyətində zirvəyə aparan yolun başlanğıcı idi. 20 Yanvar hadisələrindən sonra xalq mərkəz ilə yolunun bir olmadığı qənaətinə gəldi. Bu, bir dönüş anı idi. Azərbaycanın dövlət müstəqilliyini elan etməsindən başqa yolu qalmırdı. Respublika müstəqilliyin bərpasının astanasında idi.
Moskvadan Naxçıvana Müstəqil Azərbaycan dövlətçiliyinin onurğa sütunu
Heydər Əliyev Azərbaycana qayıtsa da, respublika rəhbərliyi onun Bakıda yaşaması üçün təminat vermədi. Heydər Əliyev doğulduğu Naxçıvana getdi. Naxçıvanlılar onu hərarətlə qarşıladılar. Az sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sədri seçildi. Heydər Əliyev bəyanat verərək Sov.İKP sıralarını tərk etdi. Onun Kommunist Partiyasının sıralarından bəyanat verərək istefa verməsi bu ideologiyanın iflasında mühüm rol oynayan amillərdən biri oldu. Minlərlə insan ondan nümunə götürdü. Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi hələ SSRİ-nin, kommunist ideologiyasının mövcud olmasına baxmayaraq, sovet dövrünün atributlarından imtina etdi. Azərbaycanın müstəqil dövlətçilik atributlarının bərpasına başlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti zamanı qəbul edilmiş üçrəngli bayraq ilk dəfə olaraq Naxçıvanda dövlət bayrağı kimi qəbul edildi. Bu bayraq Sovet İttifaqının, kommunist ideologiyasının əleyhinə olan idi. Deməli, belə bir addımın atılması ilə əslində müstəqil dövlətin təməli atılırdı. Üçrəngli bayraq təkcə qəbul edilmədi. Azərbaycan rəhbərliyinə sovet dövrünün bayrağı, gerbi və himnindən imtina olunması da tövsiyə edildi. Beləliklə, Naxçıvan Azərbaycan milli dövlətçiliyinin bərpasının və qorunmasının onurğa sütununa çevrildi. Bir müddət sonra Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Bu, heç şübhəsiz, müasir tariximizin ən mühüm hadisələrindən biri oldu.
SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı və dövlətinin qarşısında aşağıdakı başlıca vəzifələr dururdu:
-Azərbaycanın dövlət müstəqilliyini tanıtmaq, qorumaq və möhkəmləndirmək;
-Ermənistanın təcavüzünə son qoymaq;
-Ölkənin inkişafının açarını tapmaq və s.
“Ermənistanın işğalını dayandırmağın yolu Bakıda hakimiyyətə yiyələnməkdən keçir” kimi yanlış, zərərli şüarla 1992-ci ilin may ayında silahlı çevrilişlə hakimiyyətə gələnlər ölkəni daha ağır vəziyyətə saldılar və başlıca vəzifələri yerinə yetirə bilmədilər. Hakimiyyət ilə xalq arasında uçurum, hakimiyyət qanadları arasında ziddiyyətlər dərinləşdi. Ölkənin daxili və xarici siyasəti ağır vəziyyətə düşərək dalana dirəndi. Ermənistanın işğalının davam etdiyi bir şəraitdə Gəncədəki hərbi hissədə qiyam baş verdi. Qiyamı yatıra bilməyən hakimiyyət ölkədə baş verən proseslər üzərində nəzarəti tamamilə itirdi. Şimalda və Cənubda separatçılıq gücləndi. Ölkə parçalanmaq təhlükəsi qarşısında qaldı. Azərbaycanın dövlət müstəqilliyi üçün təhlükə yarandı. Bu, Azərbaycan xalqının həyatında ağır günlər idi. Xalqı və dövləti uçurumdan çıxaran lider, dövlət xadimi yox idi. Xalqın mənəvi-psixoloji böhranı baş verdi. Sabaha ümidsizlik yaranmışdı. Xalq nicat yolu arayırdı. Təşkilati, dövlət idarəçilik bacarığına və qabiliyyətinə, intellektual səviyyəyə malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət ölkəni beynəlxalq aləmdə təcridçiliyə gətirmişdi. Belə şəraitdə vəzifədə olanlar bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri vəzifələrini “dondurdular”, bəziləri isə qaçıb gizləndilər. Bu, Azərbaycan dövlətçiliyi tarixində pis bir an olub, gələcəkdə xatırlanası və müraciət ediləsi deyil, utanc olan bir tarix idi. Xalq bir suala cavab axtarırdı: Nə etməli? Ölkəni ağır şəraitdən kim çıxara bilərdi? Belə bir tarixi şəxsiyyət var idimi? Bu suallara cavab tapıldı.
Dövləti dağılmaqdan, ölkəni parçalanmaqdan, xalqı vətəndaş müharibəsindən xilas edən lider. Naxçıvandan Bakıya
Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın inamına görə, yalnız Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan, xalqı mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Çarəsiz qalan respublika rəhbərliyi xalqın tələbləri əsasında Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev Bakıya gələn kimi yeni bir liderlik keyfiyyətini ortaya qoydu. Qiyamın baş verdiyi Gəncəyə təkbaşına getdi. Xalqın içində oldu. Gəncədə sabitlik tədricən bərqərar olmağa başladı. Qayıtdıqdan sonra əvvəlcə parlament sədri seçildi, az sonra isə ölkə prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyevin qarşısında daxili siyasət sahəsində xeyli ağır vəzifələrin həll edilməsi dayanırdı: ölkəni dağılmaqdan, xaricdən dəstəklənən separatçılıqdan xilas etmək, milli birliyi bərpa etmək, hakimiyyətin qanadları arasında yekdillik yaratmaq, xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək, dövlətin əlində olması gərəkərkən silahları ələ keçirmiş, ölkədə kriminogen şərait yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, insanların sakit və təhlükəsiz yaşayışını təmin etmək, ağır sosial-iqtisadi vəziyyətdə yaşayan xalqı inkişafa aparmaq və xalqının mənəvi-psixoloji ruhunu qaldıraraq dövlətin gücünü yaratmaq üçün etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin qalıqlarından imtina edərək uğurlu islahatlar aparmaq, ölkənin inkişafının açarını tapmaq və s.
Xarici siyasət sahəsində Heydər Əliyevin qarşısında dayanan başlıca vəzifələr dövlət quruculuğu üçün əlverişli beynəlxalq mövqeyi təmin etmək, Ermənistanın davam edən hərbi təcavüzünü dayandırmaq, ölkəni fəlakətə salmış bir istiqamətli, savadsız, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xarici siyasət xəttindən imtina etmək və s. idi. Bütün bunları bir dövlət xadiminin həll etməsi xeyli mürəkkəb və çətin bir iş idi. Çünki Azərbaycan coğrafi-siyasi mövqeyi, təbii sərvətləri ilə yüzilliklər imperiya siyasəti təcrübəsi olan böyük dövlətlərin sınaq meydanına, “qurdlar süfrəsi”nə çevrilmişdi. Hakimiyyətə topsuz-tüfəngsiz gələn Heydər Əliyev ölkənin problemlərinin həllində xalqa arxalandı. Azərbaycanı boğan separatçılıq bilavasitə xalqın iradəsi ilə dəfn edildi. Xalq ayağa qalxıb separatçıları qovdu. Azərbaycan xalqı dövləti müdafiə etdi. Lakin ölkə qarşısında həlli vacib olan digər məsələlər də dayanırdı. Ermənistan ilə müharibə davam edir, Azərbaycan əraziləri bir-birinin ardınca işğal edilirdi. Bu isə ölkənin inkişafına mane olan başlıca amil idi. Azərbaycan ya sonu görünməyən və nəticəsi bilinməyən müharibəni davam etdirməli, ya da hər hansı bir yol ilə atəşkəsə nail olub fasilə qazanmalı, dövləti qurmalı, onu möhkəmləndirməli idi. İşğal altında olan torpaqların azad edilməsini başlıca vəzifə olaraq müəyyənləşdirən Heydər Əliyev atəşkəs yolunu seçdi. Dövlət idarəetməsini iflic halına, xalqı mənəvi-psixoloji böhrana salan, maliyyə və iqtisadi ehtiyatlarını udan hərbi əməliyyatlar dayandırıldı. Bu, Azərbaycana bir sıra məsələləri həll etməyə imkan verdi. Heydər Əliyev hesab edirdi ki, atəşkəsə getməklə dövləti qurmaq, vahid güclü ordunu yaratmaq üçün vaxt və əlavə imkanlar qazanılacaq, ölkənin inkişafının açarı tapılacaq və nəhayət, torpaqlar işğalçılardan azad ediləcək. Atəşkəs ölkəyə xarici sərmayələrin gətirilməsi üçün şərait yaratdı. Ermənistan isə belə hesab edirdi ki, atəşkəsə getməklə danışıqlara gedib prosesi uzadacaq, Azərbaycan torpaqlarının işğal altında qalmasını “oldu-bitdi” kimi qəbul etdirə biləcək. Bu yanaşma 1991-ci ildən sonra Ermənistanın bütün rəhbərlərinin başlıca xətti idi. 2020-ci ildə 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusunu darmadağın etməsi Heydər Əliyev konsepsiyasının düzgünlüyünü göstərdi.
İnkişafın açarı
“Əsrin müqaviləsi”nin imzalanıb həyata keçirilməsi ilə Heydər Əliyev Azərbaycanda nefti milli sərvətə çevirən ilk dövlət rəhbəri oldu. O, bir-biri ilə didişən ölkələri Azərbaycanda əməkdaşlığa dəvət etdi, onları ortaq məxrəcə gətirdi. Ərazicə kiçik, əhalisinin sayının az olmasına baxmayaraq, Azərbaycan özündən qat-qat böyük dövlətləri bir araya gətirdi. Soruşulur: ərazisi və əhalisi bir neçə il əvvəlki kimi olan Azərbaycanın dünya siyasətində rolunu artıran, mövqelərini gücləndirən, dünyanın cazibə mərkəzinə çevirən amillər hansılar idi. Heç şübhəsiz bu sualın konkret cavabı var: Heydər Əliyevin təkcə daxili siyasət məsələlərini, xalqın psixologiyasını deyil, dünya işlərini mükəmməl bilməsi, zəkası, uzaqgörənliyi, müdrikliyi, biliyi, bacarığı, qətiyyəti. Heydər Əliyevin qətiyyəti özünü “Əsrin müqaviləsi” imzalandıqdan sonra baş verən dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında aydın şəkildə göstərdi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişi cəhdləri məhz Heydər Əliyevin yenilməz qətiyyəti, siyasi bacarığı ilə iflasa uğradıldı. Azərbaycan xalqı qanuni hakimiyyəti müdafiə etdi. Bu çevrilişlərin qarşısının alınmasının Azərbaycan üçün tarixi və ibrətamiz bir tərəfi oldu. Heydər Əliyev göstərdi ki, Azərbaycan dövlət çevrilişləri üçün sınaq meydanı deyil, ölkədə güclü dövlət hakimiyyəti vardır. Bununla da silahlı yolla hakimiyyətə gəlmək kimi acı təcrübəyə son qoyuldu.
Çevrilişlərin qarşısının alınması digər bir mühüm məsələnin həllinə kömək etdi. Məlum olduğu kimi, Azərbaycanda sabitlik və sabaha ümidlər olmadığından xarici ölkələr və donor təşkilatlar Azərbaycana borc vermirdilər. Dövlət büdcəsində isə vəsait yox idi. Dövlət çevrilişlərinin qarşısı alındıqdan sonra Azərbaycana investisiya axını başladı. Yeni neft strategiyası ölkənin inkişafı, güclü dövlət qurulması, Azərbaycan xalqının daha yaxşı yaşayışını təmin etmək üçün açar oldu. İslahatlara başlanıldı. Özəlləşdirilmə həyata keçirildi. Azad bazar iqtisadiyyatına keçildi. Ölkənin demokratikləşdirilməsi istiqamətində islahatlar aparıldı. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirilirdi. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ən başlıcası, Azərbaycanda təməlləri möhkəm olan, güclü dövlətçilik ənənəsinin, dərin dövlətin əsası qoyuldu.
Xarici siyasət yenidən qurulur
Region və dünya geosiyasətinin dəyişməsinə təsir edən lider
Heydər Əliyev hakimiyyətə gələrkən ölkənin xarici siyasəti böhran içində idi. Xarici siyasət xalqın və dövlətin qarşısında dayanan əsas vəzifələri yerinə yetirə, dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin edə bilmir, ölkəni problemlərə salırdı. Uğursuz xarici siyasət dövləti dalana dirəmişdi. Azərbaycan xalqı və dövlətinin maraqlarına cavab verməyən xarici siyasət xəttindən imtina edildi. Heydər Əliyev milli maraqların qorunmasını nəzərdə tutan tarazlaşdırılmış xarici siyasət xəttini dövlətin beynəlxalq fəaliyyətinə gətirdi. O, ilk xarici səfərini dünya demokratiyasına böyük töhfə vermiş, azadlıq, bərabərlik, qardaşlıq şüarlarını gətirmiş, Azərbaycanın dövlət müstəqilliyinin de-fakto tanındığı və erməni lobbisinin güclü olduğu Fransaya etdi. Bununla göstərdi ki, Azərbaycan demokratiya yolu tutub, dövlət müstəqilliyi daimi və əbədidir, Azərbaycan dövlət heç bir ölkənin deyil, yalnız öz maraqlarının yanındadır, erməni lobbisi və diasporunun fitnələrinə qarşı tutarlı cavab veriləcək.
Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin nizama salınması üçün addımlar atıldı. İran və Rusiya ilə mehriban qonşuluq münasibətləri tədricən bərqərar edildi. Türkiyə və Gürcüstan ilə strateji müttəfiqlik xətti seçildi. Azərbaycanın mehriban qonşuları, ticarət ortaqları, strateji tərəfdaşları və strateji müttəfiqləri müəyyənləşdirildi. Azərbaycan dövləti yeni neft strategiyasını reallaşdırdı. Çoxşaxəli neft və qaz kəmərləri inşa edilməyə başlandı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycanın müstəqilliyi kəməri oldu. Hər hansı dövlətdən asılılığa son qoyuldu. Azərbaycanın neft strategiyası Orta Asiya yeni müstəqil dövlətlərinin də dünyaya çıxışına kömək etməklə müstəqilliklərini möhkəmləndirdi. Azərbaycan, eyni zamanda, tranzit ölkəyə çevrildi. Tarixi İpək yolu bərpa edildi. Regionun geosiyasəti dəyişdi. Əsas ixrac neft boru kəmərinin və digər layihələrin həyata keçirilməsi Türkiyənin gücünü artırdı, dünya siyasətində rolunu gücləndirdi, bu gün G-20 sırasında olmasını şərtləndirən amillərdən biri oldu. Bununla Heydər Əliyev həm də türk dünyasının lideri oldu.
İbrət dərsləri
Heydər Əliyevin fəaliyyətindən alınan ibrət çoxdur. İlk növbədə heç şübhəsiz, göz önünə lider və idarəçilik bacarığı, daxili və dünya işlərini mükəmməl bilmək amilləri gəlir. Xalq hakimiyyət kürsüsünü naşı adamlara verməməlidir. Təcrübə göstərdi ki, bu, ölkə üçün fəlakətlər yaradır. Xalq əgər sabit və davamlı inkişaf etmək istəyirsə, dövlət güclü olmalı, dövlətinin yanında olmalı və onu qorumalıdır. Sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri Azərbaycan xalqının başlıca hədəflərinə çatmasının təməlini təşkil edir.
Gələcəyə böyük ümidlərlə
Heydər Əliyevdən sonra prezident seçilən İlham Əliyevin rəhbərliyi dövrü Azərbaycan tarixində müasirləşmə ilə səciyyələnir. Tarixin təcrübəsi göstərir ki, ölkənin çoxlu maliyyə vəsaitləri, təbii sərvətləri ola bilər. Əgər ölkə həmin təbii sərvətləri milli sərvətlərə çevirmirsə, yeni texnologiyaların tətbiqini həyata keçirmirsə, insanlar əməyi yadırğayırlarsa, ölkə digərlərindən geri qalır və çox vaxt da rəqabətə tab gətirmir. Buna dair çoxlu nümunələr gətirmək olar. Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan müasirləşən bir ölkəyə çevrildi. Azərbaycanı satış bazarına çevirmək istəyən bəzi ölkələr özləri Azərbaycan məhsulları üçün satış bazarına çevrildilər. Sovet dövrü başa çatdıqdan sonra yaranmış boşluqda Azərbaycan xalqının əməyi yadırğamasının qarşısı alındı. İlham Əliyev Azərbaycan xalqının minilliklər tarixində Qurucu Prezident adını qazandı. Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasına baxmayaraq, ölkə tərəqqi etdi, tikinti-quruculuq işləri genişləndirildi. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrildi. Azərbaycan dünyanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanı başlıca ölkəyə çevirdi. Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisinin uğurla başa çatması ilə Azərbaycan dünyanın nəqliyyat qovşağı olan bir ölkəyə çevrildi.
Prezident İlham Əliyev tariximizdə bir sıra ilklərə imza atdı. BMT Baş Məclisində çıxış edən ilk Baş nazirimiz, ruhumuzun şəhəri Təbrizə səfər edən ilk dövlət rəhbərimiz oldu. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. İlham Əliyev Təhlükəsizlik Şurasının iclasına sədrlik edərək və ən vacib dünya məsələləri barədə nitq söyləyərək dünya “müdiriyyətinə” rəhbərlik etdi. “Avroviziya” mahnı yarışması ən mükəmməl şəkildə ölkəmizdə keçirildi. Tariximiz, maddi və mənəvi mədəniyyətimiz heç bir zaman həmin yarışma keçirildiyi vaxtdakı kimi təbliğ edilməmişdi. İşğal edilmiş ərazilər istisna olmaqla Azərbaycan, ərazisində xarici hərbi baza və ya obyekt saxlamayan bir ölkəyə çevrildi. Azərbaycan kosmosa ilk peykini göndərərək Kosmos klubunun üzvü oldu. Tariximizdə ilk dəfə olaraq İlham Əliyev “dövlət canlı orqanizmdir, daim genişlənməlidir” geosiyasi nəzəriyyəsini xarici ölkələrə sərmayələr qoymaqla, geniş əməkdaşlıq yolu ilə gerçəkləşdirdi. Azərbaycanın Birinci Avropa Oyunlarına 2015-ci ildə ev sahibliyi etməsi hər bir azərbaycanlı üçün qürurverici oldu. Ölkəmiz mədəniyyətlərarası, sivilizasiyalararası dialoq məkanına çevrildi.
2020-ci ildə 44 günlük müharibədə təcavüzkar Ermənistan ordusu darmadağın edildi. Azərbaycan xalqının arzuları gerçəkləşdi. Müharibə başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə nəhəng dirçəliş işləri həyata keçirilir.
Alternativ varmı?
Heydər Əliyev yolunun Azərbaycanda alternativi varmı? Heç şübhəsiz, vardır. Belə bir yolun sonu Azərbaycanı dağıtmaq, milli dövləti məhv etmək, ölkəni və xalqı parçalamaq, vətəndaş müharibəsinə sürükləmək, onu rəzil günə salmaqdır. Azərbaycan xalqı ona bədbəxtliklər gətirmiş həmin yolu birdəfəlik tarixin zibilliyinə atıb. Ötən illərin təcrübəsi göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu siyasi xətdən kənara çıxmaq Azərbaycanda böyük fəlakətlər doğurar. Bu, həm də qonşu dövlətlər üçün arzuolunmayan proseslərin başlanması olar. Heydər Əliyev siyasətinin davam etdirilməsi həm Azərbaycan xalqının, həm qonşu dövlətlərin, həm də bütün demokratik ölkələrin maraqlarına uyğundur. Azərbaycan xalqı və dövlətinin inkişafının formulunu Prezident İlham Əliyev “yenilənmək, inkişaf, güclü dövlət və vətənpərvərlik” olaraq müəyyənləşdirib. Azərbaycanın gələcəyi bundan da parlaq olacaq.