Ulu Öndər müasir müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyub

Ulu Öndər müasir müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyub Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.
Konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə müasir müstəqil Azərbaycanın qurulmasında, inkişafında və dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərin ölkəmizdə elmin inkişafına göstərdiyi diqqətdən söz açıb.
Akademik A.Əlizadə ulu öndər Heydər Əliyevin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, əbədi lider olduğunu vurğulayıb, Ümummilli Liderin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətinin nəticələrinin zaman keçdikcə daha aydın göründüyünü söyləyib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli şəxsiyyət Heydər Əliyevin müasir müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini deyib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib.
Çıxış edənlər Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən söz açıblar.

Hikmət Əliyev


Oxşar xəbərlər