Gömrük orqanlarının nümayəndələri arasında üçtərəfli görüş keçirilib

Gömrük orqanlarının nümayəndələri arasında üçtərəfli görüş keçirilib Azərbaycandan tranzit keçməklə Gürcüstan, Türkiyə marşrutu ilə hərəkət edən yük nəqliyyat vasitələrinin gömrük-keçid məntəqələrində yaranan sıxlıqlarının aradan qaldırılması məqsədilə mayın 12-də gömrük orqanlarının nümayəndələri arasında üçtərəfli görüş keçirilib.
Türkiyə Respublikası ilə Gürcüstan arasındakı Sarp gömrük-keçid məntəqəsində keçirilən görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə, Türkiyə Respublikası Kaşqar Ticarət və Gömrük bölgə müdiri Rəcəp Bilgiç, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük departamentinin rəhbəri Zurab Siçinava iştirak ediblər. Görüşdə hər üç ölkə arasında müxtəlif sahələrdə qurulan strateji əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edilib, beynəlxalq tranzitin inkişafı, regiondan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması məqsədilə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Son dövrdə hər 3 ölkənin ərazisindən tranzit qaydada keçən nəqliyyat vasitələrinin sayının kəskin şəkildə artdığı bildirilib və sərhədkeçmə proseslərinin sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
O da qeyd olunub ki, Türkiyə Respublikasının Hopa rayonu yaxınlığında inşa olunan yeni terminal avtomobil axınının daha da sürətli hərəkətinə şərait yaradacaq. Eyni zamanda, Türkiyə-Gürcüstan sərhədindəki Türkgözü gömrük-keçid məntəqəsində aparılan yenidənqurma işlərinin qısa zaman kəsiyində yekunlaşdırılacağı, bununla da sərhədkeçmə proeslərinin sürətlənəcəyi və sıxlıqların aradan qaldırılacağı bildirilib.
Bundan başqa avtomobillərin sıxlığının aradan qaldırılması məqsədilə Sarp gömrük-keçid məntəqəsindən nəqliyyat vasitələrinin Gürcüstan-Türkiyə sərhədindəki Karçaxi-Aktaş müqabil gömrük-keçid məntəqələrinə yönləndirilməsinə qərar verilib.

Tehsil-press.az


Oxşar xəbərlər