AzTU-nun “SABAH Magistratura” tələbələri Bakı Limanının fəaliyyəti barədə məlumatlandırılıb

AzTU-nun “SABAH Magistratura” tələbələri Bakı Limanının fəaliyyəti barədə məlumatlandırılıb Təhsil İnstitutu və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH Magistratura” proqramının logistika və nəqliyyat ixtisaslaşması üzrə təhsil alan tələbələri Ələt qəsəbəsində yerləşən limana təlim səfərində iştirak ediblər.
“Dəniz nəqliyyatı və liman logistikası” adlı təlim kursunun praktiki hissəsi çərçivəsində təşkil olunan səfərə Liman əməliyyatlarına nəzarət mərkəzi daxilində gəzintidən başlayaraq tələbələrə limanın fəaliyyəti haqqında qısa məlumat verilib. Sonra liman ərazisinə tura çıxmadan öncə əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamenti tərəfindən qısa təhlükəsizlik qaydaları haqqında təqdimat edilib, iştirakçılara dəbilqə və digər təhlükəsizlik əşyaları paylanılıb.
Liman ərazisində tələbələrə yük terminalı və həmin terminalda qablaşdırılmış, səpkili və konteyner yüklərinin yüklənib-boşaldılma qaydaları izah edilib. Həmçinin təhsilalanlar Ro-Ro terminalı və həmin terminalda özü hərəkət edən nəqliyyat vasitələrinin Ro-Ro gəmilərinə yüklənib-boşaldılması, Bərə terminalı və bu terminalda vaqonların bərə gəmilərinə yüklənib-boşaldılması prosesi ilə tanış olublar. Sonda səfər iştirakçılarına limanda olan anbarlar göstərilib və onlar haqqında məlumat verilib.
Qeyd edək ki, “Dəniz nəqliyyatı və liman logistikası” adlı təlim kursu nəzəri və praktiki hissədən ibarət olub. Təlimin birinci hissəsi AzTU-da Bakı Limanının Təlim Mərkəzinin ixtisaslaşmış heyəti tərəfindən keçirilib və 2 həftə davam edib.
Xatırladaq ki, 2022-ci il fevralın 24-də Təhsil İnstitutu ilə Bakı Limanı arasında AzTU-nun “SABAH Magistratura” proqramının tələbələrinin limanın Təlim Mərkəzində dəniz nəqliyyatı və liman logistikasını əhatə edən müxtəlif mövzularda təlim proqramlarına və istehsalat təcrübəsinə cəlb olunması ilə bağlı anlaşma memorandumu imzalanıb.

Tehsil-press.az


Oxşar xəbərlər