Bakı Ali Neft Məktəbinin tələbələri təhlükəsizlik təlimlərində iştirak ediblər

Bakı Ali Neft Məktəbinin tələbələri təhlükəsizlik təlimlərində iştirak ediblər Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşkil etdiyi “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” mövzusunda kursda iştirak ediblər.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) “Dənizdə insan həyatının mühafizəsi” üzrə təlim mərkəzində keçirilən kurslara ali məktəbin neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə təhsil alan 128 nəfər birinci kurs tələbəsi cəlb olunub.
Təlimlər nəzəri və praktik hissələrdən ibarət olub. Nəzəri hissədə tələbələr dənizdə işləyən neftçilər və gəmi heyət üzvləri üçün sağqalma metodikası, fərdi xilasetmə vasitələrindən istifadə qaydaları ilə tanış olublar. Həmçinin onlar təlimlər zamanı dəniz platformalarının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq və yanğından mühafizə üzrə ilkin yanğınsöndürmə vasitələrindən istifadə barədə məlumatlandırılıblar. Praktik hissədə isə tələbələr yuxarıda sadalanan qaydaların tətbiqini reallaşdırıblar.
Təlim mərkəzində tələbələrə, həmçinin üzgüçülük dərsləri də keçirilib.
Qeyd edək ki, BANM və TTSİ arasında əməkdaşlıq haqqında müqaviləyə əsasən reallaşdırılan təlimlər beynəlxalq standartlara uyğun və Azərbaycanın qoşulduğu konvensiyaların tələbləri çərçivəsində həyata keçirilib.

BANM-nin Mətbuat Xidməti


 Bakı Ali Neft Məktəbinin tələbələri təhlükəsizlik təlimlərində iştirak ediblər

Oxşar xəbərlər