“Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində təlim keçirilib

“Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində təlim keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində təlim keçirilib.
Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, bir sıra beynəlxalq layihələrin müəllifi, tanınmış jurnalist Umud Mirzəyev “Karyeranın düzgün seçilməsi. İş imkanları məhdud olarkən nə etməli?”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzIntelecom” MMC-nin İnformasiya təhlükəsizliyinin təşkili şöbəsinin mütəxəssisi Rəhimə Məmmədova “Rəqəmsal bacarıqların inkişafı. Kibertəhlükəsizlik” mövzularında təqdimatla çıxış ediblər.
Təlimdə tələbələrə rəqəmsal bacarıqların vacibliyindən danışılıb. İşəgötürənlərin ehtiyac duyduğu bu bacarıqlar və tələb olunan texniki biliklərə sahib namizədlərin sayı arasında böyüyən bir uçurumun aradan qaldırılması istiqamətində bütün sahələrdən olan mütəxəssislərin, hətta ali təhsili olmayanların belə rəqəmsal bacarıqlara yiyələnməsinin vacibliyi, eləcə də bu istiqamətdə nə edəcəkləri ilə bağlı təlimat verilib. Bütün dünyanın probleminə çevrilən kibertəhükəsizlik, kibermühitdə özünümüdafiənin yolları təlimdə əsas prioritetlərdən olub. Həmçinin gənclərə karyeralarını qurmağın yolları, haradan başlamağın vacibliyi, hansı istiqamətdə addım ata biləcəklərini necə təyin etmələri, əmək bazarını öyrənməyin yolları istiqamətində məlumatlandırılıblar.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən elan edilmiş "Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş BAMF-ın həyata keçirdiyi "Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı" adlı layihənin icrası uğurla davam etdirilir. Məqsəd tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, inkişaf etdirilməsi və sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin görülməsinə cəlb edilməsidir. Bununla yanaşı, bir sıra dövlət qurumlarının rəhbər şəxsləri ilə seçilən tələbələrin görüşlərinin təşkili də nəzərdə tutulub. Layihənin sonunda yay kursları təşkil ediləcək və aktiv iştirakı ilə seçilən tələbələrə sertifikatlar təqdim olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər