Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “UniLab” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “UniLab” layihəsi çərçivəsində növbəti görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) partnyor şirkətləri ilə “UniLab” layihəsi çərçivəsində növbəti müzakirə (Focus Group Discussion) keçirilib.
Onlayn formatda keçirilən müzakirədə layihə çərçivəsində ADNSU ilə partnyor olan “AzerGold” QSC, “CBM Engineering”, “Azərbaycan Dəmir Yolları” QSC, “AzinTelecom”, “Dərs Evi” Tədris Mərkəzi, “Azərenerji” ASC və digər 10-dan çox dövlət və özəl müəssisənin rəhbərləri və əməkdaşları iştirak ediblər. Görüşdə universitetlə müəssisələr arasında əlaqələr, tələbə və məzunların istehsalat təcrübəsinin səmərəli təşkili, əmək bazarının tələblərinə uyğun kadr hazırlığında vahid platformanın yaradılması kimi məsələlər müzakirə olunub.
Konfransı açan ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin bölmə rəhbəri Şahin Göyüşov tələbələrin istehsalat təcrübəsi prosesindən danışıb və müəssisələrlə mövcud əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunub.
Beynəlxalq əməkdaşlıq şöbəsinin layihələr üzrə koordinatoru Leyla Nağıyeva “UniLab” layihəsi üzrə partnyor şirkətlərə görüşün məqsədi və müzakirə olunacaq məsələlərlə bağlı məlumat verib.
Sonra layihə iştirakçıları arasında qrup müzakirəsi aparılıb. Partnyor müəssisələrin nümayəndələri və rəhbərləri mövcud durumun köklü təhlil olunmasının əhəmiyyətindən danışıblar. Görüşdə, həmçinin əməkdaşlıq çərçivəsində razılaşdırılmış işlərin, xüsusilə karyera mərkəzlərinin tələbələrin işlə daha tez təmin olunmasında fəaliyyəti məsələsi, mövcud nöqsanların aradan qaldırılması üçün təcrübə prosesinin sistemləşdirilməsi və səmərəli təşkili, eyni zamanda, universitet-müəssisə əməkdaşlığında SWOT araşdırma panelinin nəzərdən keçirilməsi ətraflı müzakirə edilib.
Xatırladaq ki, ADNSU Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “UniLab” - “XXI əsrdə universitetdən əmək bazarına: işə qəbulolunmada bir addım irəli” layihəsinə yanvarın 1-dən qoşulub. Layihənin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarus və Rusiyada - ali təhsil sektorunun modernləşməsinə töhfə verməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər