DİM: Mayın 15-də keçirilmiş imtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

DİM: Mayın 15-də keçirilmiş imtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 15-də keçirdiyi imtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM iyunun 8-dən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil edəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər iyunun 5-i saat 10:00-dan iyun 7-si saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Apellyasiya Komissiyasına müraciət etməzdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.
Xatırladaq ki, mayın 15-də:
- əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul;
- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili;
- aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış;
- eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış;
- buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində DİM-ə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanları keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər