Dövlət İdarəçilik Akademiyasının dərsliyi “Amazon”da yayımlanır

Dövlət İdarəçilik Akademiyasının dərsliyi “Amazon”da yayımlanır Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) “İnklüziv inkişafın idarə edilməsinin əsasları” adlı ali məktəblər üçün dərsliyi beynəlxalq elektron ticarət platforması olan “Amazon” saytında yayımlanır.
Müəllifi akademik Urxan Ələkbərov olan dərslik, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sırasında yer alan davamlı inklüziv cəmiyyətin qurulması və idarə edilməsi sahəsində bilik və bacarıqların formalaşdırılmasına və daim təkmilləşdirilməsinə həsr olunub.
Azərbaycan, rus və ingilis dillərində çap edilən əsər dünyada inklüziv inkişafın idarə edilməsi sahəsində ilk dərslikdir. Dərsliyin yaranmasının əsasında Azərbaycan Respublikasında inklüziv cəmiyyətin inkişafı sahəsində qazanılan nailiyyətlər və ölkənin mövcud iqtisadi potensialından ən yüksək istifadə səmərəliliyini təmin edən uğurlu örnəyi dayanır. Dövlətin inkişafı üçün Prezident İlham Əliyev tərəfindən işlənmiş və tətbiq olunan yeni idarəetmə texnologiyaları, bu texnologiyaların tətbiqində əhəmiyyətli rol oynayan Birinci vitse-prezident institutunun formalaşdırılması və şəxsən Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti də daxil olmaqla reallaşdırılan dövlət idarəçilik sistemində islahatların təhlil edildiyi dərslikdə Azərbaycan Respublikasının iqtisadi, sosial və humanitar inkişafın müasir və prioritet sahələrində dünya liderləri sırasında yer almasına şərait yaradıldığı elmi cəhətdən əsaslandırılıb.
Elektron platformada çoxsaylı müsbət rəylərlə müşayiət olunan “İnklüziv inkişafın idarə edilməsinin əsasları” dərsliyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in hədəflərinə nail olunması üçün zəruri kadr hazırlığının və bu sahədə əhalinin məlumatlandırılması məqsədilə ərsəyə gətirilib. Dərslik dövlətin inkişaf proseslərinin idarə edilməsi sahəsində qərar qəbul edənlər, humanitar, texniki və ictimai ixtisaslar üzrə təhsil alanlar, həmçinin davamlı inklüziv inkişaf sahəsində ixtisasını artıran mütəxəssislər və tədqiqatçılar üçün nəzərdə tutulub.

Tehsil-press.az



Oxşar xəbərlər