Akademik Urxan Ələkbərov Ankarada Azərbaycanın davamlı inklüziv inkişafı mövzusunda məruzə edib

Akademik Urxan Ələkbərov Ankarada Azərbaycanın davamlı inklüziv inkişafı mövzusunda məruzə edib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərov Ankara Sosial Elmlər Universitetində təşkil olunan elmi seminarda “Davamlı inklüziv inkişaf məqsədlərinin təmini üçün yeni idarəetmə texnologiyaları: Azərbaycanın təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi torpaqlarımızın 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasına baxmayaraq, Azərbaycanın qısa müddətdə innovativ davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq olduğunu bildirib. Vurğulayıb ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin düşünülmüş strategiya və tətbiq olunan orijinal innovativ idarəetmə texnologiyaları əsasında qazanılıb. Bu texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi rola malikdir.
Rektor diqqətə çatdırıb ki, 2018-ci il Davos Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə, Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında 3-cü yerdə qərarlaşaraq, iqtisadi imkanları daha yüksək olan Avropa İttifaqı ölkələrinin çoxunu geridə qoyub. Akademik qeyd edib ki, bu qrupdakı ölkələrin üstün iqtisadi imkanlarının olmasına baxmayaraq, onlar arasında Azərbaycan Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan çox sayda dövlətlərdən irəlidədir. Azərbaycanın inklüziv inkişaf indeksləri ABŞ, Yaponiya, İtaliya, İsrail, İspaniya, Portuqaliya, Türkiyə, Rusiya və başqa ölkələrin göstəricilərini üstələyir. Bu nailiyyət Azərbaycan Respublikasında iqtisadi, sosial və humanitar siyasətin ümumi inkişaf strategiyasının vacib istiqaməti olmasından xəbər verir.
Akademik U.Ələkbərov qeyd edib ki, ölkəmizin inklüziv inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadadır. Son illərdə ölkədə adambaşına düşən gəlirlərin artması, iqtisadi dirçəlişə nail olunması dövlət səviyyəsində elm, təhsil və səhiyyənin inkişafı üçün geniş şərait yaradıb. Təhlillər göstərir ki, Azərbaycan Respublikasında qazanılan uğurların əsasında Prezident İlham Əliyev tərəfindən işlənilmiş, nəzəri əsasları və tətbiq üsulları yeni olan idarəetmə texnologiyaları kompleksi dayanır. Məruzədə idarəetmədə istifadə olunan bu yeni sinergetik, komplementar və kompensasion texnologiyalar və onların kompleks tətbiqinin nəticələri geniş təhlil edilib.
Seminarın gedişində DİA-nın elmi-təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli Azərbaycan Respublikasının dövlət idarəçilik sistemi, dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar və əldə edilən nəticələrlə bağlı ətraflı bilgi verib.
Məruzəçinin Azərbaycan həqiqətləri ilə bağlı təqdim etdiyi faktlar, alimin ölkəmizin inkişaf dinamikasına dair fikir və mülahizələri, o cümlədən nikbin proqnozları böyük maraqla qarşılanıb.
Sonda Akademik U.Ələkbərov seminarda iştirak edən professor, müəllim və doktorantların suallarını cavablandırıb.
Qeyd edək ki, Türkiyənin sosial elmlər sahəsində araşdırmalar həyata keçirən ilk və yeganə dövlət ali təhsil ocağı olan Ankara Sosial Elmlər Universiteti Azərbaycanla elmi əməkdaşlığa böyük diqqət göstərir.

DİA-nın Mətbuat Xidməti



Oxşar xəbərlər