Mədəniyyət və İncəsənət Universitetində ənənəvi “Gümüş nar” festivalı təşkil edilib

Mədəniyyət və İncəsənət Universitetində ənənəvi “Gümüş nar” festivalı təşkil edilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələrinin semestr üzrə yekun hesabat sərgisi – ənənəvi “Gümüş nar” festivalı keçirilib.
Bu il üçüncü dəfə təşkil olunan festivalın açılış mərasimindən əvvəl Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının qurucusu və sədri Fərhad Qaraşov və əməkdaşları ADMİU-nun rektoru professor Ceyran Mahmudova ilə görüşüblər. Ceyran Mahmudova qonaqlara universitetin fəaliyyəti və “Gümüş nar” festivalı haqqında məlumat verib. Bildirib ki, ADMİU-nun tələbələri hər zaman öz yaradıcılıqlarında Azərbaycan tarixinin, mədəniyyətinin atributlarını, milli-mənəvi dəyərlərimizi əks etdirirlər. Eləcə də Azərbaycan incəsənətinin simvollarından biri olan nar da müxtəlif obrazlarda onların yaradıcılıqlarında əks olunur.
Rektora bu təşəbbüs üçün minnətdarlığını bildirən Fərhad Qaraşov Azərbaycanda narçılığın inkişafı, hazırkı vəziyyəti, eləcə də rəhbərlik etdiyi assosiasiyanın fəaliyyəti haqqında məlumat verib.
Görüşdə tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb və xatirə hədiyyələri təqdim olunub. Rektor Ceyran Mahmudova assosiasiyanın döş nişanı ilə təltif edilib.
Festivalda tələbələrin 100-ə yaxın əsəri nümayiş etdirilib. Bildirilib ki, burada qrafika, yağlı boya, akvarel, quaş, bədii tekstil, ağacoyma, şəbəkə texnikalarında işlənmiş əsərlər fakültənin tələbələrinin akademik bilik və vərdişləri ilə yanaşı, onların fərdi xüsusiyyətləri, bədii nailiyyətləri haqqında ətraflı məlumat verilir. Sərgidə təqdim olunan işlər rəssam, qrafik dizayner, xalçaçı tələbələrin formalaşmasında mühüm rolu olan ustad müəllimlər tərəfindən seçilib. Sərginin təşkilinə və bədii tərtibatına Dizayn və dekorativ tətbiqi sənət kafedrasının baş müəllimi Gülnaz Mədətova rəhbərlik edib.
Festivalda nümayiş olunan əsərlərlə tanış olan Fərhad Qaraşov təəssüratlarını bölüşüb: “Azərbaycan incəsənəti üçün peşəkar kadrlar yetişdirən Mədəniyyət və İncəsənət Universitetində belə bir festivalın keçirilməsi çox əlamətdar hadisədir. Çox sevindirici haldır ki, tələbələr öz əsərlərində narı təkcə meyvə kimi yox, mədəniyyətimizin bir parçası kimi təcəssüm etdirirlər. Düşünürəm ki, bu tipli tədbirlərin silsilə şəklində keçirilməsi nara olan sevgini daha da artıracaq. Tələbələrin əsərlərinə baxdıqca nar obrazını milli ruhumuzun qida yeri Qarabağa aid nümunələrdə, İslamda, türklüyümüzdə gördüm. Tələbələr bir çox sahələrə toxunublar, bu da insanda qarışıq və xoş əhval-ruhiyyə yaradır. Bunu nəinki rəsm əsərlərində, dizayner tələbələrin keramikadan hazırlanmış digər əl işlərində də gördük. Bu da bizi çox sevindirdi. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq düşünürük ki, narın bir meyvə, aqrotexniki ixrac, istehsal tərəflərindən kənar, daha da tanıdılması və təşviq edilməsi üçün bu cür tədbirlər çox lazımdır”.
ADMİU-nun Musiqi sənəti fakültəsi tələbələrinin bir-birindən gözəl ifaları festivala rəng qatıb.

Tehsil-press.az


Oxşar xəbərlər