Dünyaşöhrətli alimə Neft və Sənaye Universitetinin fəxri doktoru diplomu təqdim olunub

Dünyaşöhrətli alimə Neft və Sənaye Universitetinin fəxri doktoru diplomu təqdim olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi şuranın növbədənkənar iclası keçirilib.
Universitetin rektoru professor Mustafa Babanlı iclasın keçirilməsində məqsədin dünyaşöhrətli kanadalı professor Vitold Pedriçə ADNSU-nun fəxri doktoru adının verilməsi olduğunu deyib.
Rektor Mustafa Babanlı professor Vitold Pedriçin ADNSU ilə sıx əlaqələri olduğunu, ona universitetin fəxri doktoru adının Elmi şurasının qərarı ilə verildiyini söyləyib.
ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova kanadalı alimin həyat və fəaliyyəti, təhsili, tədqiqat istiqamətləri, elmə töhfələri haqqında ətraflı məlumat verib. Vitold Pedriçin yüksək indeksli jurnallarda dərc olunan elmi məqalələrinin, ona olunan istinadların kifayət qədər çox olduğu, dünyanın 50-dən çox universitetinin fəxri professoru olduğu diqqətə çatdırılıb.
Sonra rektor M.Babanlı ADNSU-nun fəxri doktoru diplomunu qonağa təqdim edib.
Professor Vitold Pedriç ADNSU rəhbərliyinə təşəkkürünü bildirib. Təqdimatla çıxış edən qonaq ADNSU-nun rektoru Mustafa Babanlının “World Scientific” nəşriyyatı tərəfindən nəşr olunan “Fuzzy-logic based material selection and synthesis” kitabı ilə tanış olduğunu bildirib. Professor çıxışı zamanı elmdə uğur əldə etməyin yollarından, texnoloji yeniliklərin, eyni zamanda, süni intellekt, qeyri-səlis modelləşdirmə və qranulyar hesablamaların elmə tətbiqinin önəmindən danışıb.
Sonda fəxri doktor Elmi şura üzvlərinin suallarını cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər