Polşalı alim ADNSU-da tədris prosesini yüksək qiymətləndirib

Polşalı alim ADNSU-da tədris prosesini yüksək qiymətləndirib Polşa Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) fəxri doktoru, professor Janusz Kacprzyk ADNSU-da olub.
Əvvəlcə professor J.Kacprzyk ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyalarını gəzib, tələbələrin laboratoriya dərslərini müşahidə edib.
Sonra qonaq ADNSU-nun Lazer mərkəzi, Ali riyaziyyat kafedrası, tarix və mineralogiya muzeyləri, universitetin yeni avadanlıqlarla təchiz edilən müasir auditoriyaları, Azİİ e-Kitab Evi və “Lukoil” guşəsi ilə tanış olub.
Universitetlə tanışlıqdan sonra professor J.Kacprzyk ADNSU-nun rektoru professor Mustafa Babanlı ilə görüşüb. Görüşdə professor M.Babanlı universitetin tarixi, tədris olunan ixtisasları, tanınmış məzunları, beynəlxalq əlaqələri və yeni layihələri, təhsil müəssisəsində aparılan elmi araşdırmalar, həmçinin UFAZ haqqında ətraflı məlumat verib.
ADNSU-da tədris prosesini yüksək qiymətləndirdiyini deyən professor J.Kacprzyk elmi araşdırmaların aparılması, xüsusən də süni intellekt sahəsində elmi işlərin həyata keçirilməsi üçün kifayət qədər geniş imkanlar olduğunu qeyd edib. Təmsil etdiyi ölkənin ali təhsil müəssisələri ilə ADNSU arasında elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışan professor J.Kacprzyk bu sahədə inkişafa nail olmaq üçün yeni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Sonda qonağa xatirə hədiyyələri təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər