Azərbaycanda məktəblilərarası “Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirilib

Azərbaycanda məktəblilərarası “Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirilib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda məktəblilərarası Çin dili üzrə “Çin dili körpüsü” beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu keçirilib.
Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao bildirib ki, müsabiqənin məqsədi Azərbaycan məktəblilərinin Çin dili və mədəniyyətinə dair biliklərini nümayiş etdirməkdir. O, müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində uğurlar və bu “dil körpüsü” vasitəsilə Azərbaycan və Çin arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfələrini verməyi arzu edib.
“Azərbaycanda orta məktəb şagirdləri arasında Çin dilinin öyrənilməsi məqsədilə keçirilən on beşinci “Çin dili körpüsü” müsabiqəsində iştirak etməkdən çox məmnun olduğunu vurğulayan Dinq Tao deyib: “Əvvəlcə icazənizlə tədbirin qonaqlarını və bu müsabiqənin təşkilində fəal iştirak edən bütün müəllim və şagirdlərə Çinin Azərbaycandakı səfirliyi adından, şəxsən hörmətli səfir Qo Minin adından səmimi təbriki çatdırım. Məlum olduğu kimi, çin dili min illik Çin sivilizasiyasının kulminasiya nöqtəsidir, bu dil dünyanın dərin məna kəsb edən qədim və ən gözəl dillərindən biridir. Çin dili həm də dünya gəncləri tərəfindən bu ölkənin obyektiv və həqiqi dərk olunmasında açar rolunu oynamaqdadır. Yeni koronavirus (COVID-19) epidemiyası kadr sahəsində mübadilə prosesinə müvəqqəti olaraq təsir göstərsə də, iki xalq arasındakı dostluğa mane ola bilməyib. “Çin dili körpüsü” müsabiqəsi Çin mədəniyyətinin təbliğinə, eləcə də Çin-Azərbaycan dostluğunun daha da inkişafına kömək edən körpüyə çevrilib. Azərbaycanda çin dilinə maraq göstərənlərin əksəriyyətinin dilin öyrənilməsi, dərk olunması və qazanılmış biliklərin və bacarıqların təkmilləşdirilməsi üçün platforma rolunu oynayır. Çinlə Azərbaycan arasında dostluq və əməkdaşlığın daha da dərinləşməsi, həmçinin müxtəlif sahələrdə əlaqələrin get-gedə yaxınlaşması bir çox azərbaycanlı gəncin öyrənilən əsas xarici dil kimi məhz çin dilini seçməsi ilə nəticələnib. Sevindirici haldır ki, Konfutsi İnstitutunun müəllim və tələbələrinin birgə səyləri nəticəsində “Çin dili körpüsü” müsabiqəsinin iştirakçılarının Çin dilinə yiyələnməsinin ildən-ilə təkmilləşməsi müşahidə olunur. Bu, iştirakçıların hər birinin gərgin əməyi və birgə səyinin nəticəsi olmaqla yanaşı, həm Çin-Azərbaycan dostluğunun, həm də hər iki ölkənin xalqları arasında əlaqələrin inkişafının göstəricisidir”.
Bu il orta məktəb şagirdləri arasında keçirilmiş “Çin dili körpüsü” müsabiqəsi öz işini bu mövzuda davam etdirib. Çin dili ilə arzularınıza çatın - gəncliyinizin dəyərini bilin. Bu gün müsabiqə iştirakçılarının məhz həyat eşqi ilə dolu gənclər olduğu müşahidə olunur. Gənclər, dünya sizindir, gələcək sizə məxsusdur! Çinlilər tez-tez belə bir ifadə işlədir ki, “zaman qızıldan qiymətlidir”, gənclik isə daha dəyərlidir. Ümid edirəm ki, siz də vaxtınızı dəyərləndirəcək, zamanla ayaqlaşacaq, hər zaman axtarışda olacaqsınız, biliklərinizi daha da təkmilləşdirməyə cəhd edəcəksiniz. Çin dilinə olan müsbət münasibətinizi bundan sonra da qoruyub saxlayacaq, dünyagörüşünüzü genişləndirəcəksiniz. Hər iki ölkə arasında mövcud dostluğu davam etdirəcəksiniz və bununla da Çin-Azərbaycan dostluğu daha da inkişaf edəcək. Müsabiqə iştirakçılarının hər birinə yaxın zamanda Çində təhsilini davam etdirməyi arzu edirəm və bununla əlaqədar mübadilə məsələlərinin həllini səbirsizliklə gözləyirəm. Səmimi qəlbdən bu müsabiqəyə uğurlar arzulayıram, çox istərdim ki, müsabiqənin hər bir iştirakçısı burada özünün ən müsbət tərəflərini göstərə bilsin, biliklərini daha da təkmilləşdirsin və səmimi dostluq mühitini hiss etsin!”.
ADU-nun Elmi işlər üzrə prorektoru Novruz Məmmədov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb və müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində müvəffəqiyyətlər arzu edib.
Tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Rafiq Abbasov Çinlə Azərbaycan arasında təhsil sahəsində sürətlə genişlənən əməkdaşlıqdan söz açıb. Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinə marağının artdığını qeyd edən R.Abbasov tarixi İpək Yolu ilə əlaqəli olan iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə bu müsabiqənin keçirilməsinin simvolik xarakter daşıdığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası üzrə seçim turu bir neçə mərhələdə keçirilib. İştirakçılar verilmiş mövzu üzrə Çin dilində çıxış edib, Çin mədəniyyəti haqqında sualları cavablandırıb, bədii nömrələr nümayiş etdiriblər. Məktəblilərin çıxışları Çinin Azərbaycandakı səfirliyinin nümayəndələrinin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin Çində keçiriləcək finalında iştirak edəcəklər. Müsabiqənin bütün iştirakçıları sertifikatlar əldə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər