Monpelye Universitetində ikili diplom proqramı üzrə ilk doktorantın müdafiəsi keçirilib

Monpelye Universitetində ikili diplom proqramı üzrə ilk doktorantın müdafiəsi keçirilib AMEA və Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında saziş çərçivəsində həyata keçirilən doktorantura səviyyəsində ikili diplom proqramı üzrə ilk doktorantın müdafiəsi Monpelye Universitetində keçirilib.
AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri dosent Esmira Əlirzayeva tədbirdə çıxış edərək AMEA və Monpelye Universiteti arasında 2018-ci ildən fəaliyyətə başlamış doktorantura səviyyəsində ikili diplom proqramı və onun nailiyyətləri haqqında məlumat verib. Bəşəriyyət üçün ümumi olan bir sıra elmi problemlərin həllində kadrların mobilliyinin əhəmiyyətli olduğunu və belə müştərək proqramların gənc alimlərin hazırlanmasında rolunu diqqətə çatdırıb. Qeyd edib ki, bu istiqamətdə Azərbaycanda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” fəaliyyət göstərir və gənclərin qabaqcıl elmi təşkilatlarda təcrübə toplaması üçün geniş imkanlar yaradır. İddiaçının doktorantura təhsilinin 2 ilinin AMEA tərəfindən, 1 ilinin isə bu proqram tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu və Monpelye Molekulyar Genetika İnstitutunun doktorantı Səbinə Fərhadova “Siçanın embrion kök hüceyrə modelləri üzərində insanın imprintinq xəstəliklərinə səbəb olan epigenetik mexanizmlərin tədqiqi” mövzusunda tədqiqat işini uğurla təqdim edib.
Fransanın müxtəlif elm və təhsil müəssisələrini təmsil edən nüfuzlu alimlərin daxil edildiyi Müdafiə Komissiyası tədqiqat işini və doktorantın elmi səviyyəsini çox yüksək qiymətləndirib və ona PhD elmi dərəcəsini təqdim edib.
Sonra Esmira Əlirzayeva təhsilini Monpelye Universitetində davam etdirən doktorantlar və onların elmi rəhbərləri ilə görüşüb, mövcud vəziyyəti müzakirə edib.
Qeyd edək ki, ikili diplom proqramı üzrə daha 4 doktorant təhsilini davam etdirir, 1 doktorant isə müdafiə ərəfəsindədir. AMEA və Monpelye Universitetinin 2022-ci il üçün elan etdiyi müştərək doktorantura proqramı çərçivəsində namizədlərin seçimləri davam etdirilir.

Tehsil-press.az



Oxşar xəbərlər