“Onlardan cavab istəyəcəyik” - İlham Əliyev

“Onlardan cavab istəyəcəyik” - İlham Əliyev "Daşkənddə Özbəkistan-Azərbaycan biznes forum çərçivəsində xeyli sənəd imzalanıb. Onların ümumi sayı iyirmiyə yaxındır. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə mətbuata bəyanatla çıxışında söyləyib.
“Bu gün burada artıq bir neçə saat bir yerdə keçirdikdən sonra işləyəcəyimiz istiqamətləri daha da konkretləşdirdik. Tapşırıqlar verilib. Şavkat Miromonoviç artıq bu barədə ətraflı danışdı, mən həyat fəaliyyətinin müzakirə etdiyimiz istiqamətlərini təkrarlamaq istəmirəm.
Əminəm ki, nəticələr olacaq. Çünki bu, prezidentlərin nəzarətindədir. Əminəm, müvafiq nazirlər, dövlət strukturlarının rəhbərləri yaxşı başa düşürlər ki, biz prezidentlər qarşıya qoyduğumuz məsələlərin yerinə yetirilməsinə nəzarət edəcək və onlardan cavab istəyəcəyik. Bu məsələlərin icrası isə ona gətirib çıxaracaq ki, ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan Prezidenti deyib ki, bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var:
“Bunun əsası, əlbəttə ki, liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir. Fikrimcə, bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi ilə bağlı layihələr barəsində əldə etdiyimiz razılaşmalar – bütün bunlar həm əmtəə dövriyyəsinin artırılması, həm də ölkələrimiz və xalqlarımız arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq”.

Tehsil-press.az


Oxşar xəbərlər