Prezident İlham Əliyev: Bu Bəyannamə bizim Rusiya ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır (TAM BƏYANAT)

Prezident İlham Əliyev: Bu Bəyannamə bizim Rusiya ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır (TAM BƏYANAT) Bu Bəyannamə bizim Rusiya ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır.
Bunu fevralın 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuata bəyanatla çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Prezident İlham Əliyevin bəyanatı
İlk növbədə, Rusiyaya rəsmi səfərə dəvətə görə Sizə təşəkkürümü bildirmək istərdim. Mən yenidən Moskvada olmağıma çox şadam. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Təxminən üç ay bundan əvvəl də görüşdük və ikitərəfli gündəliyə, regional problemlərə aid mühüm məsələləri müzakirə etdik. Bizim görüşlərimizin intensivliyi əlaqələrimizin inkişafının dinamik xarakter daşımasına parlaq sübutdur. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, bu əlaqələr bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb.
Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43 bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən çox geniş sənəd razılaşdırılıb. Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar. Bu bənd bizim münasibətlərimizin xarakterinə, ona dəlalət edir ki, bu münasibətlər zamanın sınağından çıxıb və artıq dediyim kimi, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə yönəlməyə əsaslanır. Ona görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik.
Bu gün biz 5 saatdan çox Vladimir Vladimiroviçlə birlikdə olduq. Vaxt hiss olunmadan keçdi. Beş saat intensiv ünsiyyət özlüyündə bizim əlaqələrimizin nə qədər sıx və səmimi olmasının göstəricisidir. Biz əminik ki, ticari-iqtisadi sahədə yeni imkanlar açılır. Vladimir Vladimiroviç əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasını qeyd etdi. Əminəm ki, bu müsbət meyillər bu il daha da artacaq.
Sizə məlum olduğu kimi, bu il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyidir. Aprel ayında bu tarixi qeyd edəcəyik. Biz həmin hadisəyə yaxşı bünövrə ilə yaxınlaşırıq.
Qarşılıqlı investisiyaların artırılması işində çox ümidverici imkanlar var. Bu gün biz nəqliyyat sahəsində, özü də təkcə ikitərəfli formatda deyil, regionda yeni vəziyyət, yeni geosiyasi reallıqlar nəzərə alınmaqla çoxtərəfli, regional formatda əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da ətraflı müzakirə etdik. Artıq “3+3” deyilən əməkdaşlıq platforması mövcuddur. Əminəm ki, bu platformanın iştirakçıları olan tərəflər ilk addımı atandan sonra, o cümlədən bu sahədə də əməkdaşlıq edəcəklər. Bu gün regionda kommunikasiyaların açılması məsələsi də müzakirə edildi və düşünürəm ki, bu məsələnin çox yaxşı perspektivi var. Bizim fəaliyyətimizi, humanitar əməkdaşlıq üzrə birgə fəaliyyətimizi qiymətləndirdiyinə görə Vladimir Vladimiroviçə təşəkkür edirəm. Bu sahə həmişə prezidentlərin diqqət mərkəzindədir. Biz demək olar ki, bu sahənin inkişafına müvafiq impuls veririk və Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı və təhsilin rus dilində olduğu məktəblərin sayı barədə Vladimir Vladimiroviçin gətirdiyi rəqəmlər əlamətdardır, onlar özləri çox şeyi deyir. Buna onu əlavə etmək istərdim ki, Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır. Ölkəmizdə Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Akademiyasının filialları fəaliyyət göstərir və biz əməkdaşlıq potensialını artırmaq niyyətindəyik.
Biz bu il Bakı Humanitar Forumunun müntəzəm keçirilməsini də bərpa etməyi planlaşdırırıq. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və keçiriləcək Forumda pandemiya səbəbindən fasilə yaranmışdı. Bu gün biz işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik, bu işə böyük maraq var. Bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və biz həmin sifarişləri diqqətlə nəzərdən keçiririk. Hesab edirəm ki, bu sahə bizim əməkdaşlığımızın yeni sahəsidir. O, həm praktiki baxımdan faydalı olacaq, həm də bizim qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaq.
Əlbəttə, bu gün biz regionda münaqişədən sonrakı vəziyyəti də ətraflı müzakirə etdik. Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və münaqişədən sonrakı dövrdə nizamlama səylərində roluna görə Rusiyaya və şəxsən Prezident Vladimir Vladimiroviç Putinə təşəkkür edirik. Hesab edirəm ki, belə çoxillik, - otuz ilə yaxın, - qarşıdurma, Azərbaycanın üzləşdiyi böyük itkilər şəraitində bir ildən bir qədər çox vaxt keçəndən sonra Azərbaycan və Ermənistan ən azı iki beynəlxalq formatda, məhz Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup, habelə Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın daxil olduğu “3+3” platformasında fəaliyyət göstərirsə, bu, artıq bizim niyyətlərimizin göstəricisidir. Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir. Artıq qeyd etdiyim kimi, Prezident Vladimir Vladimiroviç Putin müharibənin başa çatmasında, nizamlamanın qaynar fazadan siyasi nizamlama fazasına keçməsində mühüm rol oynayıb. Bu gün Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün yollar axtarışında bizim əsas tərəfdaşımızdır. Bunun üçün imkanlar var. Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri də əhatə edəcək.
Mən əminəm, regionda yeni reallıqlar yeni imkanlar yaradacaq. Azərbaycan dinc gələcək əzmindədir. Bizə müharibə lazım deyil. O, bizə heç vaxt lazım olmayıb. Azərbaycan ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə hazır olmağımız bizim niyyətlərimizin daha bir təsdiqidir. Mən əminəm ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da sanballı, mən deyərdim, həlledici töhfə verəcəklər.
Hörmətli Vladimir Vladimiroviç, dəvətə, qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm. Fürsətdən istifadə edib Rusiyanın dost, müttəfiq xalqına yeni uğurlar və yeni nailiyyətlər arzu etmək istərdim.

Tehsil-press.az


Oxşar xəbərlər