Böyük Britaniyada yüksələn inflyasiya çoxsaylı tətillərə səbəb olub

Böyük Britaniyada yüksələn inflyasiya çoxsaylı tətillərə səbəb olub Böyük Britaniyada yüksələn inflyasiya çoxsaylı tətillərə səbəb olub.
Ölkədə inflyasiyanın təsiri ilə artan yaşayış xərcləri, enerji və yanacaq qiymətlərinin artması həm dövlət, həm də özəl sektorda bir çox müəssisələrdə tətilin başlanmasına gətirib çıxarıb.
Nəqliyyat işçiləri, yanğınsöndürənlər, həkimlər, tibb bacıları, müəllimlər, poçt işçiləri, hava limanı işçiləri, ali təhsil işçiləri, hüquqşünaslar və telekommunikasiya mühəndisləri qarşıdakı aylarda tətil edə biləcəklərini elan ediblər.
İyun ayında İngiltərə, Şotlandiya və Uelsdə dəmir yolu işçiləri 4 faizlik artım təklifinin və işdənçıxarma tələblərinin qəbuledilməz olduğunu iddia edərək, son 30 ilin ən böyük tətilini keçiriblər. Bu tətildə 40 mindən çox işçi iştirak edib, lakin danışıqlar nəticəsiz qalıb və dəmiryolçular yenidən tətilə başlayacaqlarını elan ediblər.
Digər tərəfdən, Rabitə İşçiləri Həmkarlar İttifaqı tərəfindən təmsil olunan “British Telecom” telekommunikasiya şirkətinin 40 mindən çox işçisi 29 iyul və 1 avqustda tətil edəcəklərini açıqlayıb.
Rabitə İşçiləri Həmkarlar İttifaqının təmsil etdiyi başqa bir sektor olan “Kral Poçt Xidməti” üzvlərinin 97,6 faizi tələb etdikləri maaşların qəbul edilmədiyi təqdirdə tətilə gedəcəklərini bildiriblər.
Böyük Britaniyanın ən böyük təhsil birliklərindən biri olan və təxminən 450 min üzvü olan Milli Təhsil Birliyi son həftələrdə müəllimlər üçün 3 faiz artım təklif edildikdən sonra tətilə başlayacaqları barədə xəbərdarlıq edib.
Onlar maaşlarının artırılmasını, iş şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər.
Qeyd edək ki, ölkədə illik inflyasiya iyun ayında 9,4 faizə yüksəlib, bu da 1982-ci ilin fevralından bəri ən yüksək səviyyədir. İngiltərə Bankı yaxın aylarda inflyasiyanın 11 faizə yüksələ biləcəyi barədə xəbərdarlıq edib.
Böyük Britaniyada təxminən 5,5 milyon üzvü olan 48 həmkarlar ittifaqını təmsil edən Həmkarlar İttifaqı Konqresi dövlət sektoru işçiləri üçün ədalətli artım və bütün işçilər üçün saatda ən azı 15 funt sterlinq minimum əməkhaqqı tələb edib. İnflyasiyanın artmasına baxmayaraq, bu ilin mart-may ayları arasında özəl sektorda çalışanların orta əməkhaqqı 7,2 faiz, dövlət sektorunda çalışanların əməkhaqqı isə cəmi 1,5 faiz artırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər