UNICEF: Afrikada uşaqlar quraqlıq ucbatından ölüm qarşısındadır

UNICEF: Afrikada uşaqlar quraqlıq ucbatından ölüm qarşısındadır Efiopiya, Keniya və Somalidə quraqlıqdan əziyyət çəkən və içməli suyu təhlükəsiz əldə etmək imkanı olmayan insanların sayı cəmi 5 ay ərzində 9,5 milyondan 16,2 milyon nəfərə çatıb.
Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) son hesabatında deyilir. Afrika Buynuzu və Sahel bölgələrində yaşayan uşaqlar qitəni cənginə alan quraqlıq səbəbindən ölüm təhlükəsi qarşısındadırlar. Fondda qeyd edirlər ki, bu təhlükə miqyasına görə doyunca yeməmək və xəstəliklər riskini artıq geridə qoyur.
UNICEF-in icraçı direktoru Ketrin Rasselin sözlərinə görə, Burkina-Faso, Çad, Mali, Niger və Nigeriyada quraqlıq, münaqişələr və təhlükəsizliyin olmaması su çatışmazlığı ilə nəticələnir, bununla yanaşı, 40 milyon uşaq yüksək və fövqəladə yüksək su qıtlığı ilə qarşılaşır. Uşaqlar arasında kəskin aclıq vəba və diareya kimi təhlükəli xəstəliklərin yayılması ilə müşayiət olunur ki, bu da nəticədə uşaq ölümünün dəhşətli artımına səbəb olur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, dünyanın digər yerləri ilə müqayisədə Sahel bölgəsində çirklənmiş su və antisanitariya səbəbindən daha çox uşaq ölür.
UNICEF hesab edir ki, Afrika Buynuzu bölgəsində insanların əksəriyyəti satıcıların yük maşınlarında və eşşək arabalarında gətirdikləri sudan asılıdır, lakin quraqlıqdan daha çox əziyyət çəkən ərazilərdəki ailələrin çoxunun su almağa imkanı çatmır.
Keniya, Efiopiya və Somalidə suyun qiyməti 2021-ci ilin yanvarı ilə müqayisədə 55-85 faiz artıb.
2021-ci ilin iyunundan 2022-ci ilin iyununadək olan dövrdə UNICEF və onun tərəfdaşları Efiopiyanın regionlarında 5 yaşınadək 1,2 milyondan artıq uşağı diareyadan sağaldıblar. Bu ərazilərdə içməli su çatışmazlığı ən ümdə məsələdir.
UNICEF bütün bu səbəblərə görə hökumətləri, donor ölkələri və beynəlxalq birliyi uşaqların ən vacib ehtiyaclarının təmin edilməsi üçün maliyyələşdirməni artırmağa və çıxılmaz böhran dairəsini parçalamaqdan ötrü uzunmüddətli və çevik dəstək təqdim etməyə çağırıb.

Tehsil-press.az



Oxşar xəbərlər