Qazaxıstan Universitetinin alimi tədqiqat aparmaq üçün Əlyazmalar İnstitutunda məlumat toplayır

Qazaxıstan Universitetinin alimi tədqiqat aparmaq üçün Əlyazmalar İnstitutunda məlumat toplayır Əl-Fərabi adına Qazax Milli Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti, həmin universitetin nəzdində fəaliyyət göstərən Mədəni irs və əlyazmalar fondunun sədri Zübeydə Şafkan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli ilə görüş zamanı qonağa institutda görülən işlər barədə məlumat verilib, birgə əməkdaşlıq layihələri müzakirə olunub.
Zübeydə Şafkan təmsil etdiyi elmi müəssisədə əlyazmalar mərkəzinin qurulması və işinin təşkili zamanı dünyanın aparıcı qurumları ilə yanaşı, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təcrübəsini də əsas götürdüklərini vurğulayıb. O, araşdırmaları barədə məlumat verib və bildirib ki, hazırda Azərbaycan dilində qələmə alınan unikal yazılı folklor abidəsi - “Rüstemnameyi-türki” əlyazmasının üzərində tədqiqat aparır. Bakıya gəlişinin də əsas səbəblərindən biri həmin əsərin əlyazma nüsxələri haqqında ətraflı məlumat toplamaqdır.
Daha sonra alim institutun Ekspozisiya zalında nümayiş edilən nadir eksponatlar, əlyazma nüsxələri ilə tanış olub. Əlyazmalar İnstitutun elmi katibi dosent Əzizağa Nəcəfov binanın tarixi, burada mühafizə olunan yazılı abidələr, aparılan elmi-tədqiqat işləri haqqında qonağa məlumat verib.
Sonda Zübeydə Şafkana Əlyazmalar İnstitutunun son nəşrlərindən bir neçəsi hədiyyə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər