ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “PraNet” beynəlxalq layihəsi başa çatıb

ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “PraNet” beynəlxalq layihəsi başa çatıb ADA Universiteti, İtaliyanın Berqamo Universiteti və Əlcəzairin Setif 2 Universiteti ilə birgə keçirilən “PraNet” beynəlxalq layihəsi başa çatıb.
Bu münasibətlə layihə çərçivəsində təşkil edilən “Beynəlxalq inteqrasiya və təhlükəsizlik siyasəti üçün radikallaşma və terrorizm əleyhinə mübarizə” mövzusunda magistr proqramı üzrə təhsil alan tələbələrin “Məzun günü” keçirilib.
“Məzun günü”ndə çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə İtaliya səfərini xatırladaraq bildirib ki, iki ölkə arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədə olub. Sevindirici haldır ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər artıq akademik sahədə də getdikcə güclənir. ADA Universitetinin İtaliyanın 5 aparıcı universiteti ilə bu yaxınlarda imzaladığı akademik tərəfdaşlıq barədə razılaşma bunun göstəricisidir.
ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə qeyd edib ki, 3 il ərzində həyata keçirilən proqram universitetlərarası akademik şəbəkəni gücləndirdirməklə tələbə mübadiləsinə, peşəkar təlim proqramları vasitəsilə isə təcrübə mübadiləsinə töhfə verib.
İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının direktoru Nərgiz İsmayılova məlumat verib ki, “PraNet” beynəlxalq layihəsi iki mərhələdən ibarət olub. Birinci mərhələdə ADA Universiteti Berqamo Universitetinin həyata keçirdiyi magistratura proqramına təşkilati dəstək göstərib, ikinci mərhələdə isə Azərbaycanda dövlət qulluqçuları üçün təlimlər təşkil edilib.
Daha sonra, Berqamo Universitetinin professoru Mikel Brunelli çıxış edib. Professor Brunelli söyləyib ki, sözügedən beynəlxalq layihə pandemiya və digər çətinliklərə baxmayaraq ADA Universitetinin akademik tərəfdaşlığı sayəsində uğurla başa çatdı.
Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osman Əlcəzairin radikallaşma əleyhinə beynəlxalq mübarizəni dəstəklədiyini vurğulayıb, “PraNet” proqramı vasitəsilə gənclərin bu sahədə bilik və bacarıq əldə etdiyini diqqətə çatdırıb.
İtaliyanın Azərbaycandakı səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi Lorena Maşietto ölkələrimiz arasında genişlənən əlaqələrə toxunaraq, bu əməkdaşlığın vacibliyini qeyd edib.
Proqram məzunlarından Cəmilə Paşayeva Seyidzadə iştirakçılar adından çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib və proqram vasitəsilə radikallaşma və terrorizm sahəsində beynəlxalq təcrübəni əldə etməkdən məmnunluğunu ifadə edib.
Xatırladaq ki, 2019-cu ildən təşkil edilən layihə çərçivəsində həyata keçirilən magistr proqramında 31, təlimlərdə isə 43 nəfər iştirak edib.
Proqram ərzində “Radikallaşma, terrorizm və deradikalizasiya” adlı kitab nəşr edilib.
“PraNet” beynəlxalq layihəsinin əsas məqsədi müvafiq sahədə çalışan dövlət qulluqçularının müasir terror təhdidləri, onun növləri və qaynaqları, ona qarşı mübarizə yolları haqqında biliklərini təkmilləşdirmək, müvafiq xarici təcrübəni araşdırmaqdır.

Tehsil-press.az


Oxşar xəbərlər