İqtisadiyyat İnstitutunda “Mədəni irsin sosial-iqtisadi təsirləri” mövzusunda təqdimat dinlənilib

İqtisadiyyat İnstitutunda “Mədəni irsin sosial-iqtisadi təsirləri” mövzusunda təqdimat dinlənilib İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
İnstitutunun baş direktoru professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə İqtisadiyyat və Mədəniyyət nazirliklərinin, bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Seminarda İqtisadiyyat İnstitutunun Monetar və fiskal tənzimləmə problemləri şöbəsinin aparıcı elmi işçisi Tanrıverdi Paşa “Mədəni irsin sosial-iqtisadi təsirləri” mövzusunda apardığı tədqiqatın nəticələrinə həsr olunmuş təqdimatla çıxış edib. O bildirib ki, tədqiqatlar zamanı mədəni irsin cəmiyyətin davamlı sosial-iqtisadi inkişafında rolu və potensial təsir sahələri öyrənilib, mədəni irsin qorunub saxlanılması, bərpası və ondan istifadəyə dövlət dəstəyinin və müdaxiləsinin zəruriliyi əsaslandırılıb. Habelə müasir şəraitdə mədəni irsin iqtisadi komponentlərinin qiymətləndirilməsi, mədəni irsin idarə edilməsi, müxtəlif idarəetmə qurumları səviyyəsində mədəni irs obyektlərinin kapitallaşdırılması strategiyaları araşdırılıb.
T.Paşa dünya təcrübəsinə əsaslanaraq mədəni irsin Azərbaycanda xarici və daxili turizmin inkişafına, kreativ iqtisadiyyatın təşəkkülünə verə biləcəyi fayda və töhfələr, “ağıllı şəhər” və “ağıllı kənd” kontekstində yeni kreativ imkanları qeyd edib. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi-mədəniyyət abidələri də əhəmiyyətinə görə təhlil olunub, regionlarda mədəni irsin idarə edilməsinin təkmilləşdirilməsi, mədəni-tarixi mühitinin yaxşılaşdırılması yolları göstərilib.
O, həmçinin dünya təcrübəsinə əsaslanaraq, mədəni irs obyektlərinin qorunub saxlanılması və bərpasına maliyyə mənbələrinin cəlb olunması mexanizmləri barədə danışıb. Qeyd edib ki, əsas məsələ mədəni irs obyektlərinin bazar dövriyyəsinə çıxarılması, yəni abidələrin müasir iqtisadi şəraitdə kommersiya məqsədləri üçün uyğunlaşdırılmasıdır. Əsas postulat - mədəni irsin qorunmasından onun kapitallaşmasına keçiddir. Uğurlu dünya təcrübəsi və Azərbaycanın özündə sınaqdan çıxmış bəzi nümunələr, mədəni irsin kapitallaşmasının onunla bağlı olan sahələrin – istirahət, yaradıcılıq sahələrinin, kiçik biznesin inkişafından və düzgün əlaqələndirilməsindən də asılıdır. Mədəni irs obyektlərinin bazasında yaradıcı klaster sahələrinin və art-iqamətgahlarının yaradılma perspektivləri daha böyükdür. Kreativ iqtisadiyyata əsaslanan mədəni irsin kapitallaşdırılmasının müasir strategiyalarından daha səmərəli istifadə etmək üçün dövlət səviyyəsində yaradıcılıq sahələrinə sistemli dəstək vermək lazımdır. Mədəni irs obyektlərinin region iqtisadiyyatının yüksəlişi üçün qeyri-iqtisadi amillərdən biri kimi xidmət etməsi üçün regionda mədəni irs obyektlərinin idarə olunması üzrə kompleks proqramın hazırlanması zəruridir.
Sonra mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər