On dörd dövlət orqanında 44 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

On dörd dövlət orqanında 44 vakant vəzifə daxili müsahibəyə çıxarılıb On dörd dövlət orqanında mövcud olan 44 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Avqustun 24-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 80 namizədlə 80 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə vəziyyəti Dövlət Statistika Komitəsi, Kənd təsərrüfatı statistikası şöbəsi, Ərzaq balansları sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 12 namizəd), Maliyyə Nazirliyi, Qax Rayonu üzrə Maliyyə Şöbəsi, yerli bölmənin rəhbəri (1 vakant yer üzrə 3 namizəd) üzrə yaranıb.
Müsahibələrin sentyabrın 27-dən oktyabrın 14-dək olan dövrdə keçirilməsi planlaşdırılır.
Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibədən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Tehsil-press.az


Oxşar xəbərlər