UNEC-də XIV Beynəlxalq Avrasiya İqtisadiyyatları konfransı keçirilib

UNEC-də XIV Beynəlxalq Avrasiya İqtisadiyyatları konfransı keçirilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə keçirilən XIV Beynəlxalq Avrasiya İqtisadiyyatları konfransı öz işini yekunlaşdırıb. UNEC-in Türk Dünyası İqtisad fakültəsi (TÜDİFAK), İstanbul Beykent Universiteti, Doğuş Universiteti və “Manas” Qırğızıstan-Türkiyə Universiteti ilə birgə təşkil olunan tədbirdə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin və Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndələri, universitet rəhbərləri və professor-müəllim heyəti iştirak ediblər.
Konfransda çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı “Bir kəmər, bir yol” layihəsindən söz açıb. Səfir Avrasiya bölgəsinin son dərəcə dinamik olduğunu, bu dinamikanın qiymətləndirilməsi üçün təkcə iqtisadi, siyasi və beynəlxalq münasibətlərdə deyil, digər sahələrdə də əməkdaşlığın vacibliyini qeyd edib.
Universitetin tədris işləri üzrə prorektoru Gəray Musayev Avrasiya regionu ölkələrinin iqtisadiyyatlarının inkişaf perspektivləri barədə məlumat verib.
TÜDİFAK-ın dekanı professor Mehmet Yüce çıxışında türk dövlətlərinin coğrafi dostluq və qardaşlıq əlaqələrindən söz açıb. Mehmet Yüce konfransın həm bilik mübadiləsinə, həm də iki ölkə arasında qardaşlığın möhkəmlənməsinə töhfə verəcəyindən əminliyi bildirib.
Konfransın moderatoru professor Selahattin Sarı diqqətə çatdırıb ki, tədbirin məqsədi Avrasiya regionu ölkələrinin iqtisadiyyatlarını araşdırmaq və elm adamlarını bir araya gətirərək, ortaq işlər həyata keçirməkdən ibarətdir.

Tehsil-press.az


Oxşar xəbərlər