Özbəkistanın Termez Dövlət Universiteti BDU ilə əməkdaşlıqda maraqlıdır

Özbəkistanın Termez Dövlət Universiteti BDU ilə əməkdaşlıqda maraqlıdır Özbəkistanın Termez Dövlət Universitetinin prorektoru Obid Şəfiyev və bir qrup müəllim-tələbə heyəti Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində olub.
Görüşdə qonaqlara respublikamızdakı təhsil mühiti, BDU-nun tarixi və bu günü, Kitabxanaçılıq-informasiya fakültəsi barədə məlumat verilib.
Termez Dövlət Universitetinin prorektoru Obid Şəfiyev Azərbaycanda və ölkənin ən nüfuzlu ali təhsil müəssisəsi olan BDU-da olmaqlarından məmnunluğunu ifadə edib. O.Şəfiyev eyni soya, ortaq tarixə və mədəniyyətə malik xalqlarımızın dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək, özbəklərin hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərdiyini vurğulayıb.
Son illər Azərbaycan ilə Özbəkistan arasında elmi əlaqələrin gücləndiyini, xüsusən BDU ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığını qeyd edən Obid Şəfiyev Termez Dövlət Universitetinin İnformasiya texnologiyaları fakültəsi ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələrin qurulması, birgə elmi konfransların təşkili, müəllim-tələbə mübadiləsi və bu kimi digər məsələlərlə bağlı əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Sonra qonaqlar fakültədə tədris prosesi ilə tanış olublar.
Görüş diskussiya ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər