BDU-da tədbir: Zəfərə doğru addım-addım

BDU-da tədbir: Zəfərə doğru addım-addım Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində “Şuşa İli”nə həsr olunan “Zəfərə doğru addım-addım” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərin əziz xatirəsi anılıb.
Kimya fakültəsinin dekanı Fuad Kərimli Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərin tariximizin qəhrəmanlıq səhifəsinə yazıldığını vurğulayıb. “Şuşa İli” çərçivəsində keçirilən tədbirin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edən F.Kərimli bildirib ki, tariximizin qürur doğuran bu qəhrəmanlıq səhifələri dərindən öyrənilməli və təbliğ olunmalıdır.
Tədbirdə Vətən müharibəsi iştirakçıları - Daxili Qoşunların ehtiyatda olan zabiti İsmayıl Hacıyev, Azərbaycan Ordusunun ehtiyatda olan zabiti Elşən Cəbrayılov, Xüsusi Təyinatlı Qüvvələrin giziri Cavid Həsənov, baş çavuşu Fərid Bağırlı, Şərqşünaslıq fakültəsinin məzunu Fərid Mirzəyev, Kimya fakültəsinin məzunları Yusif Fərəcov və Şahin İbrahimov keçdikləri döyüş yolu barədə xatirələrini söyləyib, gənclərlə maraqlı müzakirələr aparıblar.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov “Şuşa İli” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Bildirilib ki, Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etməyimiz, böyük Qələbə qazanmağımız bizim vətənpərvər, qəhrəman bir xalq olduğumuzu dünyaya göstərdi.

Tehsil-press.az


Oxşar xəbərlər