Bakı Slavyan Universitetində “Şuşa İli” çərçivəsində tədbir: Mifdən həqiqətə

Bakı Slavyan Universitetində “Şuşa İli” çərçivəsində tədbir: Mifdən həqiqətə Bakı Slavyan Universitetində (BSU) Filologiya fakültəsinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində “Mifdən həqiqətə” adlı tədbir keçirilib.
Müəllim və tələbələrin, ziyalıların, Vətən müharibəsi qazilərinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin tərbiyə işləri üzrə prorektoru dosent Xanım Sultanova “Şuşa İli” ilə bağlı keçirilən silsilə tədbirlərin əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələrə yüksələcək.
Filologiya fakültəsinin dekanı səlahiyyətlərini icra edən dosent Sədaqət Əsgərova bildirib ki, Qarabağın, o cümlədən strateji hərbi-siyasi əhəmiyyət kəsb edən Şuşanın işğalının ağrısı, acısı hər bir azərbaycanlının varlığında, qəlbində yaşayırdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun Qarabağı, Şuşanı işğaldan azad etməsilə arzumuz mifdən həqiqətə çevrildi.
Azərbaycan ədəbiyyatı kafedrasının professoru Leyla İmaməliyevanın “Yusif Vəzir Çəmənzəminli yaradıcılığında Şuşa”, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi dosent Günay Qarayevanın “Mifdən həqiqətə” mövzularında məruzələri dinlənilib.
Tədbirdə əslən Şuşadan olan, Azərbaycanın ilk qadın reportyoru və ilk qadın redaktoru Məryəm Zöhrabbəyovanın qızı Fərəh Zöhrabbəyova ailələri adından tədbirin keçirilməsinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib və Şuşa ilə bağlı xatirələrini, təəssüratlarını bölüşüb.
Qazilər Məhəmməd Haqverdiyev və Vasif Məmmədov keçdikləri döyüş yolu barədə danışaraq Qarabağın işğaldan azad edilməsindən, qazanılmış tarixi Zəfərdən böyük sevinc və qürur hissi keçirdiklərini vurğulayıblar.
BSU-nun rektorunun müşaviri Elçin Hüseynov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun cəsurluğu, mətinliyi sayəsində torpaqlarımızın azad edilməsinin reallığa çevrilməsindən, hazırda Qarabağda, Şuşada genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirilməsindən, Şuşada beynəlxalq miqyaslı tədbirlərin gerçəkləşməsindən danışıb və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Tədbir çərçivəsində Filologiya fakültəsinin tələbələri arasında bilik yarışı da keçirilib. Bilik yarışında I, II və III yeri tutan komandalar diplomla təltif edilib.

Tehsil-press.az



Oxşar xəbərlər