BSU-da birinci kurs tələbələri üçün “Nicat yolu” sənədli filminin nümayişi olub

BSU-da birinci kurs tələbələri üçün “Nicat yolu” sənədli filminin nümayişi olub Bakı Slavyan Universitetində (BSU) birinci kurs tələbələri üçün bu ali təhsil müəssisəsinin məzunu, Vətən müharibəsi şəhidi Nicat Şükürlünün xatirəsinə həsr olunmuş “Nicat yolu” sənədli filminin nümayişi olub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz və müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor dosent Xanım Sultanova Vətən uğrunda canını fəda edən bütün şəhidlərimizlə birgə BSU-nun şəhid məzunlarının xatirəsinin də hər zaman qəlblərdə yaşayacağını qeyd edib. Filmin ərsəyə gəlməsinə görə BSU-nun rektoru, filmin ideya müəllifi Anar Nağıyev başda olmaqla bütün yaradıcı heyətə təşəkkürünü bildirib.
Filmin ssenari müəllifi və rejissoru, BSU-nun Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov Vətən müharibəsində əldə olunmuş qələbənin təbliğ olunmasında və gənclərdə vətənpərvərlik duyğularının inkişaf etdirilməsində bu kimi filmlərin əhəmiyyətindən danışıb. Bildirib ki, filmin əsas məqsədi Nicat Şükürlünün timsalında Azərbaycan gəncinin obrazını yaratmaq olub.
Tələbələr filmi maraqla izləyiblər. Filmdə şəhidin ailə üzvlərinin, orta məktəb və universitet müəllimlərinin, sinif və qrup yoldaşlarının, yaxınlarının onun keçdiyi həyat yoluna işıq salması, xatirələrini bölüşməsi öz əksini tapıb.

Tehsil-press.az

Oxşar xəbərlər