BSU-nun məzunu şəhid Nicat Şükürlüyə həsr edilmiş filmin nümayişi olub

BSU-nun məzunu şəhid Nicat Şükürlüyə həsr edilmiş filmin nümayişi olub Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil ocağının məzunu, 44 günlük Vətən müharibəsinin şəhidi Nicat Şükürlünün xatirəsinə həsr edilən “Nicat yolu” sənədli filminin ilk nümayişi olub.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan bütün şəhidlərin, o cümlədən universitetin məzunu olmuş şəhidlərin xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildirib. Rektor bu kimi tədbirlərin gənclərin vətənpərvər ruhda yetişməsində əhəmiyyətindən danışıb. Anar Nağıyev Prezident İlham Əliyevin Şuşada bu gün keçirilən Dünya Azərbaycanlılarının Qurultayındakı çıxışına toxunaraq bu tarixi günün əhəmiyyətini vurğulayıb.
“İki sahil” qəzetinin baş redaktoru, universitetin Jurnalistika kafedrasının müdiri professor Vüqar Rəhimzadə Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın möhtəşəm tarix yazdığını, bunun həmmüəlliflərdən birinin Nicat Şükürlü olduğunu deyib. O, Vətən uğrunda canını fəda edən insanların yalnız doğum tarixi olduğunu, ölümsüzlük qazandığını qeyd edərək, Nicat Şükürlü və bütün şəhidlərin daim qəlblərdə yaşayacağını vurğulayıb.
Filmin ssenari müəllifi və rejissoru, BSU-nun Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov filmin hazırlanmasında məqsədin Nicatın timsalında mərd, qoçaq, mübariz bir gəncin portretini yaratmaq olduğunu bildirib. O, İkinci Qarabağ savaşı zamanı şəhid olmuş BSU-nun 3 məzununun hər biri ilə bağlı film ərsəyə gətiriləcəyini deyib.
Çıxışlardan sonra sənədli film nümayiş etdirilib. Filmdə şəhidin ailə üzvləri, orta məktəb və universitet müəllimləri, sinif və qrup yoldaşları, yaxınları onun keçdiyi həyat yoluna işıq salıb, xatirələrini bölüşüblər.
Tədbirin sonunda çıxış edən şəhid Nicat Şükürlünün valideynləri dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıblar.
Qeyd edək ki, Nicat Şükürlü Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Tehsil-press.az


Oxşar xəbərlər