Lefke Avropa Universitetinin əməkdaşı BDU-nun Filologiya fakültəsində elmi seminar keçirib

Lefke Avropa Universitetinin əməkdaşı BDU-nun Filologiya fakültəsində elmi seminar keçirib Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Şimali Kiprin Lefke Avropa Universitetinin dosenti Nazim Muradovun “İsmayıl bəy Qaspıralının “Bəlai-İslam” əsəri və çağdaş müsəlman dünyasındakı təzahürləri haqqında” mövzusunda elmi seminarı keçirilib.
Seminarda Filologiya fakültəsinin dekanı Elçin Məmmədov dosent Nazim Muradovun fəaliyyəti haqqında məlumat verib, onun Filologiya fakültəsi ilə bağlılığından söz açıb.
Dosent N.Muradov XIX əsr türk və müsəlman dünyasının məşhur fikir adamlarından olan İsmayıl bəy Qaspıralının həyat və yaradıcılığı ilə bağlı mühüm məqamlara toxunub. Bildirilib ki, türkçülük şüarı olan “dildə, fikirdə, işdə birlik” ideyasının reallaşmasına var qüvvəsi ilə çalışan İsmayıl bəy Qaspıralının bədii-publisistik yaradıcılığının və ictimai fəaliyyətinin ana xəttində milli idealların təbliği və tətbiqi dayanır.
Məruzəçi həm də mütərəqqi fikirlərin həyata keçməsində böyük xidmətləri olan ziyalının yaradıcılığında qadınlara münasibətdən bəhs edib. Qeyd olunub ki, yazıçının roman və hekayələrində qadın problemi bədii yanaşmada öz həllini tapırdısa, onun publisistikasında bu məsələyə elmi-fəlsəfi və ictimai-siyasi münasibət bildirilir.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər