Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevə AÇIQ MƏKTUB

Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevə AÇIQ MƏKTUB Çox hörmətli cənab nazir!
Məlumat üçün bildirirəm ki, təhsil müəssisələri ilə təmasda olan “Təhsil-Press.az” İnformasiya Agentliyi 2016-cı ildən fəaliyyət göstərir və kollektivi məhz ixtisasca təhsilə bağlı olan jurnalist kadrlardan formalaşmışdır. Biz həmişə obyektiv həqiqəti qələmə almış, hadisələri dürüst işıqlandırmış, başqa sahələrə nisbətən millətimizin gələcəyi hesab etdiyimiz təhsilə daha çox üstünlük vermişik.
Agentliyimiz mütəmadi olaraq istər ali, istər orta ixtisas və peşə, istər orta məktəblərin, eləcə də məktəbəqədər təhsil müəssisələrinin, həmçinin elm tutumlu müəssisələrin fəaliyyətini əks etdirən məqalələrlə çıxış edir, təhsil sahəsinin bilicilərinin fikirlərinə yer ayırır. Dövlət başçısının təhsillə bağlı imzaladığı fərman və sərəncamları, çıxışları, Elm və Təhsil Nazirliyinin sahənin inkişafına yönəlik həyata keçirdiyi bütün işlər, nazirin verdiyi açıqlamalar saytımızda dərc edilir. Bir sözlə, təhsil sferasında fəaliyyəti təqdir olunan nə varsa, bizim informasiya agentliyinin diqqət mərkəzindədir və təhsilin inkişafına töhfə verən bütün qabaqcıl insanların fəaliyyətinin nümunə kimi göstərilməsi bizim üçün prioritet əhəmiyyət kəsb edir.
Bununla belə, çox təəssüf hissi ilə qeyd edirəm ki, “Təhsil-Press.az” İnformasiya Agentliyi Elm və Təhsil Nazirliyinin keçirdiyi bütün tədbirlərdən kənarda qalıb; əməkdaşlarımız həmin tədbirlərə dəvət olunmurlar, onların keçirildiyi məkanlar üzümüzə bağlanıb. Səbəbini bilmirik və Sizdən öyrənmək istəyirik. İstər Bakı şəhəri üzrə Təhsil İdarəsi olsun, istər regionlarda yaradılmış təhsil idarələri olsun, onların rəhbər vəzifəli şəxsləri bizim konstruktiv əməkdaşlıq təkliflərimizə adekvat yanaşmır, əməkdaşlıq etmək üçün guya “nazirin göstərişinin olmadığını” bəhanə göstərirlər. Biz isə bilirik ki, Sizin təhsil qurumlarının KİV-lə əməkdaşlıq etməsinə qadağa qoyan göstərişiniz də yoxdur, olsaydı, rəsmən elan olunardı.
Odur ki, müraciətimizdə ehtiva olunan məsələyə aydınlıq gətirilməsini, elm və təhsil sferasında baş verən mütərəqqi prosesləri ictimaiyyətə çatdırmağa xidmət edən KİV-in hansısa məhdud siyahısı varsa, bizim agentliyi də o sıraya qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,
“Təhsil-Press.az” İA-nin baş redaktoru:
Əkbər Hüseynzadə






Oxşar xəbərlər